www.derinbilgiler.net » Türk İslam Birliyi » Ölən onlar deyil, vicdanlardır...

 
 
 


Ölən onlar deyil, vicdanlardır...

Müəllif: Terish Tarix 15-12-2014, 12:33, Baxılıb: 452

0
Ölən onlar deyil, vicdanlardır...

Dünyadakı insanların çoxunun qarşılaşdığı ən böyük təhlükələrdən biri də yoxsulluğun, aclığın səbəb olduğu ölümlərdir. Başda Afrika olmaqla dünyanın fərqli ölkələrində yoxsulluq getdikcə artır. Dünyada 840 milyon insan heç bir gəliri olmadığı üçün aclıqdan əziyyət çəkir. 3 milyarda yaxın insan günlük 2 dollar qazanc ilə yaşamağa çalışır. Hər il 10 milyon uşaq aclıqdan yaranan, lakin asanlıqla müalicə edilə biləcək xəstəliklər səbəbindən vəfat edir. BMT–nin bu il üçün hazırladığı hesabatda 805 milyon insanın aclıqdan əziyyət çəkdiyi, hər 5 yaşdan kiçik təxminən 6 milyon uşağın acından öldüyü göstərilir. Afrikada hər 4 nəfərdən birinin xroniki aclıq yaşadığı, Asiyada isə 526 milyon insanın aclıqdan əziyyət çəkdiyi qeyd olunur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jak Diuf xüsusilə Afrikada vəziyyətin getdikcə pisləşdiyini, müharibələrin təsiri ilə kənd təsərrüfatı məhsullarında 52 milyard dollarlıq zərər yarandığını qeyd etmiş və: “Bu məbləğ son 30 ildə xaricdən edilən yardımın 75%-ini təşkil edir. Bu bölgələrdə qarışıq və müharibələr olmasaydı, 330 milyon insan daha yaxşı qidalanma imkanına sahib olacaqdı”, – deyə bildirmişdir.

Jak Diuf aclığa səbəb olaraq müharibələri və var-dövlətin ədalətsiz şəkildə paylandığını göstərir. Həqiqətən də müharibələrə xərclənən pullara baxdıqda bunun doğruluğunun özümüz də şahidi oluruq. Müharibələr üçün insani yardımlara xərclənən məbləğdən 130 dəfə çox pul xərclənir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) və BMT–nin hesabatına görə keçən il dünyada hərbi xərclər 1,75 trilyon dollar ikən, BMT insani yardım üçün 13 milyard dolar istəmişdir. (İndiyə qədərki ən yüksək insani yardım tələbi)

ABŞ, Çin, Rusiya, hətta Afrika ölkələrinin bəziləri silahlanmaya milyardlarla dollar vəsait ayırırlar. BMT–nin 5 əsas üzvü təşkilatın qurulma səbəbinə zidd olaraq 2013-cü ildə ən çox silah ixrac edən ölkələr sırasında ilk altılıqda yer aldı. 2014-cü ildə hərbi xərclərin 2 trilyon dollara çatacağı düşünülür.

Silaha, müharibələrə milyardlar xərclənərkən bir tərəfdə də səfalətdən, aclıqdan minlərlə insan ölür. Hər dəqiqə 18 nəfər aclıqdan həyatını itirir. Həmin müddət ərzində dünyaya gələn 250 körpədən 11-i ac olaraq aramıza qoşulur. Yəni siz bu yazını oxuduğunuz müddətdə 18 nəfər acından öldü, 11 körpə isə hər an ölə bilər...

Jak Diufun qeyd etdiyi digər mühüm məqam var-dövlətin ədalətsiz şəkildə paylandığı, insani yardımlara yetəri qədər pul verilmədiyi idi. O, əgər hər il insani yardımlara 24 milyard avro əlavə olunmazsa, dünyadakı ac insanların sayını azalda bilməyəcəklərini bildirir.

“Forbes” jurnalının bu ilki zənginlər siyahısına baxdığımızda isə 1645 nəfər milyarderin milyardlarla dollar maddi sərvətin sahibi olduğunu görürük. Dünyadakı aclığın səbəbi nə əhalinin çoxluğu, nə də bunları təmin edəcək resursların azlığıdır. Məsələn, Afrika qitəsi aclığın ən çox yaşandığı yer olsa da, Afrika ölkələri neft və təbii qaz ehtiyatları, filiz faydalı qazıntılar, qızıl, almaz, daş-kömür ehtiyatları ilə zəngindir. Afrika qitəsi dünyanın qızıl ehtiyatının 90%-inə sahibdir. Qitədən hər il 8,5 milyard dollar dəyərində almaz çıxarılır; qitədə aclığa son qoyacaq qədər...

Və diqqətimi çəkən bir başqa detal: 2010-cu ildə aparılar bir arasdırmada piylənmədən ölənlərin sayının aclıqdan ölənlərin sayından 3 dəfə çox olması. Dünyanın bir üzündə insanlar acından ölərkən, digər üzündə isə haqqı olandan çoxunu yeməkdən ölürlər.

Bəs səbəb nədir aclığa? BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jak Diufun da qeyd etdiyi kimi, maddi sərvətlərin doğru paylanmaması. Məsələyə Quran yönündən yanaşaq. Dinimiz infaq, zəkat, sədəqə kimi əmrlərlə kasıb insanların da maddi baxımdan güclənməsini, beləliklə də səfalətdən, aclıqdan qurtulmasını təmin etmişdir. "Quran"da zənginlərin sərvətində kasıbların payı olduğu bu şəkildə bildirilir:

Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır. (Zumər surəsi, 19)

Allah mal-dövlətini paylaşmaq istəməyənlər haqqında isə belə deyir:

Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz. (Fəcr surəsi 17-20)


Zəkat və sədəqələrin veriləcəyi kəslər bildirilərkən ilk sıralarda yoxsullar və aclıqdan əziyyət çəkənlərin qeyd edilməsi də önəmlidir (Tövbə surəsi 60). Bu əmr və təşviqlərlə zənginlərin əlindəki sərvətdən kasıblara da verərək onların ehtiyaclarına sərf olunması təmin edilir. Həm də bu şəkildə iqtisadiyyat canlanmış olur. Zənginlərin zəkat və sədəqələri ilə maddi gücü yetərli olmayan fərdlər də istehsal-istehlak prosesinə qoşularaq iqtisadiyyata hərəkətlilik gətirmiş olurlar.

Və ən sonda diqqətimi çəkən 2 hədisi qeyd etmək istəyirəm:

İmam Cəfəri Sadiq (əs) belə buyurdu: "Elə bir zaman gələcək ki, dirhəm və dinarınızı qoyacaq bir yer tapa bilməyəcəksiniz, yəni hz. Mehdinin (əs) zühurundan sonra Allah’ın və hz. Mehdinin (əs) fəzli və lütfü sayəsində xalq elə qani (zəngin) olacaq ki, pullarını xərcləməyə yer tapa bilməyəcək".

Hz.Mehdi (əs) malı hamının arasında bərabər şəkildə böləcək. (Qərbin günəşi, on üçüncü fəsil)

Aysel Vəlizadə

Bölmə: Türk İslam Birliyi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş