www.derinbilgiler.net » Son Xəbərlər » Suriyalılar vicdansızlığın qurbanı oldu

 
 
 


Suriyalılar vicdansızlığın qurbanı oldu

Müəllif: Terish Tarix 17-06-2015, 12:39, Baxılıb: 387

0
Suriyalılar vicdansızlığın qurbanı oldu

Xəbər verildiyi kimi ötən günlərdə minlərlə suriyalı bir tərəfdən ABŞ-ın rəhbərlik etdiyi hava hücumlarından, digər tərəfdən kürdlərlə İŞİD arasında döyüşdən qaçaraq Türkiyənin Akçakale sərhədində toplaşıblar. Ancaq orada saatlarla gözləmələrinə baxmayaraq Türkiyəyə keçə bilməyiblər. Suriyalıların Türkiyə sərhədinə keçmək istəyərkən fotoları çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır. Görüntülər dəhşət verici idi. İnsanların üzlərinə dərd-qəm hakim olmuşdu. Yenidən düşmənə yem olacaqlarını bildikləri üçün çırpınırdılar... Fotolara baxıb insanın qəlbinin titrəməməsi mümkün deyildi.
Bir anlıq o insanların yerində özünüzün, övladınızın, qohumlarınızın olduğunu düşünün. O anda istədiyiniz tək şey sizə mərhəmət edilməsi, ailənizin həyatının xilas edilməsi olardı, elə deyil mi? Ancaq bizlər onlara yardım etmirik. Bir çoxumuz əlimizdən bir şey gəlmədiyini və bir çoxumuz da bu xəbərləri məlumat yığını kimi qəbul edirik. Bir çoxumuzun isə bu baş verənlərdən, ümumiyyətlə, xəbəri yoxdur. Halbuki heç nə edə bilməsək belə, sadəcə duamızla Allahdan onlara yardım diləyə bilərik.
Artıq dörd ildir ki, Suriyada müharibədir. Bu dörd il ərzində 220 min insan həyatını itirmiş, 1 milyon insan ağır yaralanmış, 4 milyona qədər insan ölkəsini tərk etmək məcburiyyətində qalmış, 7 milyon insan isə ölkə daxilində qaçqın statusu almışdır. Bu gün suriyalı qaçqınların təxminən 95%-i, yəni 3.8 milyon insan bölgədəki beş qonşu ölkədə: Türkiyə, Livan, İordaniya, İraq və Misirdə həyatını davam etdirməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu ölkələrdəki 380 min insanın yenidən bölgələrdə məskunlaşdırılmalı olduğuna ehtiyac duyduğunu açıqlamışdır. Yuxarıda sadaladığımız ölkələrdən başqa, digər ölkələrin qəbul etdiyi suriyalıların sayı ümumi qaçqınların 2%-dən daha azdır. Avropa İttifaqı ölkələrinin indiyə qədər qəbul etdiyi suriyalı qaçqınların sayı isə olduqca dəhşətli bir rəqəmdir: yalnız 5000 qaçqın. 2014-cü ildə Birləşmiş Millətlərin qaçqınlar üçün bölgəyə yardım çağırışı çərçivəsində tələb etdiyi 3.74 milyon dolların 2014-cü ilin 18 noyabrında yalnız 53%-i çatdırıldı. Beynəlxalq ictimaiyyətin Suriya böhranına göstərdiyi diqqət olduqca zəifdir. Zəngin ölkələrin buradakı zərər çəkmiş insanlara göstərdiyi yardım da olduqca az, hətta demək olar ki, yox dərəcəsindədir. Yüksək inkişaf etmiş ölkələr bu günə kimi 79 min 180 insanın məskunlaşdırılması ilə bağlı söz verib.
Bəs suriyalılar niyə bu qədər əzab-əziyyətə layiq görülürlər? Axı bu yurd suriyalıların da haqqıdır. Məgər dünya hər kəsin deyil? Yoxsa dünya geniş deyil? Yoxsa dünyada bütün insanlara yetəcək qədər ərazi və qida qaynaqları yoxdur?
Xatırlatmaq yerinə düşərdi ki, dünya məhz Suriyanın fəryadını görməzlikdən gəlir. Məsələn, Haiti zəlzələsində 9 milyard yardım yığıldığı halda Suriya üçün 19 milyon funt sterlinq bağışlayan ingilis xalqı 2004-cü ildə baş verən İndoneziya zəlzələsi üçün 392 milyon funt sterlinq bağışlamışdı. BMT isə yetərsiz qaynaqlara görə suriyalılara göndərilən qida yardımlarını sona çatdırma qərarı almışdır. Halbuki bir milyon insanın gündə təkcə 1 dollar verməsi ilə bu insanların həyatı tamamilə dəyişə bilər. Əlbəttə ki, bir insan digərinə yardım etmək üçün vicdanlı davranmalıdır. Çünki vicdan hər insana gözəl davranışı söyləyən, insanın sağlam düşünməsini və doğru ilə yanlışı bir-birindən ayırd edə bilməsini təmin edən mənəvi xüsusiyyətdir. Ancaq göründüyü kimi insanlar Suriyaya qarşı vicdanla düşünmürlər. Vicdanını səmimi dəyərləndirən hər kəs anlayar ki, əgər biz kömək etmək üçün öz imkanlarımız daxilində əlimizdən gələni etməsək, bu günahsız insanlar əzab çəkməyə və heç nədən ölməyə davam edəcəklər.
Bəs vicdanlı bir insan necə olmaq mümkündür? Vicdanlı davrana bilmək üçün insanlarda qəti Allah inancı, Allah sevgisi olmalıdır. Allah inancı olmalıdır ki, insan etdiyi əməllərin, həm dünyada, həm də axirətdə qarşılığını bir gün mütləq görəcəyini düşünüb başqalarına zülm etməsin, yardım etsin. Çünki Allaha iman özü ilə birlikdə Allah qorxusu gətirir. Allah qorxusu da Allahın əmrlərinə könüldən itaəti təmin edir. Beləliklə, insan Allahın haqq kitabları ilə tanış olmağa başlayır. Haqq kitabları araşdırdığımız zaman isə məlum olur ki, Allah ədalətsizliyi, təcavüzkarlığı, riyakarlığı, zülmü, parçalanmanı deyil, sevgini, fədakarlığı, ədaləti, mərhəməti, dürüstlüyü, sülhü, yardımlaşmağı sevir. Məsələn, "Nisa” surəsinin 75-ci ayəsində Allah belə buyurur:
Sizə nə olub ki, Allah yolunda və: "Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?
Bu ayə insanlara əziyyət görən xalqlara qarşı necə davranmalı olduğunu izah edir. Ayədən də göründüyü kimi Allah onlardan üz döndərməyi söyləmir, əksinə, onların haqlarına təcavüz edildiyində onları qorumağı söyləyir. Bu misal Allahın sonsuz ədaləti və mərhəmətinin nümunələrindən sadəcə biridir. Quranın bir çox başqa ayələrində də Allah insanları sülhə, barışa, birliyə səsləyir:
Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran surəsi, 103)
Bu ayədə də Allah insanları birliyə səsləyir. Göründüyü kimi Allah ayrılıb düşmən olmağı söyləmir.
Demək ki, Allah sevgisi olan bir insan heç vaxt zülm etməz, başqasının haqqına girməz və yardıma möhtac olanı köməksiz buraxmaz. İnsanlarla hər zaman ədalətlə davranar.
Allah Quranın bir başqa ayəsində insanın xislətinin yalnız dinə yönəldiyi zaman rahatlıq tapacağını buyurur. Çünki həqiqi din insanı qaranlıqlardan aydınlığa çıxarar! Çünki Allahın hökmündən başqa heç bir hökm insana doğru yol olmaz! Çünki heç bir ağıl, heç bir vicdan Allahın vicdanı ilə müqayisə edilməz! Bu səbəbdən, insan özünü Allaha və onun ayələrinə tam təslim etməlidir. İnsan yalnız bu zaman həm özünün, həm də başqalarının xoşbəxtliyinə vəsilə ola bilər.

Ləman Piriyeva

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş