www.derinbilgiler.net » Məqalələr » İmani » Allahın qulları üçün şəfa mənbəyi kimi yaratdığı meyvə: avokado

 
 
 


Allahın qulları üçün şəfa mənbəyi kimi yaratdığı meyvə: avokado

Müəllif: Admin Tarix 22-09-2017, 05:54, Baxılıb: 35

0
Allahın qulları üçün şəfa mənbəyi kimi yaratdığı meyvə: avokado


Bədənimizdə mühüm proseslər oksigenin iştirakı ilə baş verir. Bunun nəticəsində də bəzi tullantı maddələr ortaya çıxır. “Sərbəst radikal” adlanan bu tullantı maddələr təmas etdikləri hüceyrələrin quruluşuna zərər verir. Əslində, dünya həyatına bağlanmamaq və dünyanın müvəqqəti olduğunu xatırlamaq üçün yaşlanma prosesinin, həmçinin bəzi xəstəliklərin səbəbi də sərbəst radikallardır. Lakin şəfqət və mərhəmət sahibi olan uca Rəbbimiz həmin dağıdıcı təsiri azaldan sistemləri, yəni antioksidantları da yaratmışdır. Belə ki, elm adamları meyvə və tərəvəzlərdə bol miqdarda olan antioksidantların hüceyrələrin enerji mərkəzini zərərli sərbəst radikallara qarşı gücləndirdiyini aşkar etdilər.

Sərbəst radikalların hüceyrəyə verdiyi zərərlər

Bəzi amillər, məsələn, çirkli hava, siqaret dumanı, herbisit və pestisidlər, həlledicilər, neft-kimya məhsulları, dərmanlar, günəş şüaları, radiasiya, hətta qidalarda olan bəzi birləşmələr mitoxondridə, yəni hüceyrənin enerji mərkəzində oksigenin sərbəst radikallara çevrilməsinə səbəb olur. Bu molekullar hüceyrəni əmələ gətirən lipid, zülal, hətta DNT kimi bütün molekullara dağıdıcı təsir göstərir, onların quruluşunu pozur və sərbəst radikallara çevirir. Bu sərbəst radikallar yaşlanmanın, eləcə də şəkər, hipertenziya kimi xəstəliklərin də başlıca səbəbidir. Əgər bunlar neytrallaşdırılmasa, orqanizmdə ciddi fəsadlara səbəb olar. Bu fəsadları belə sıralaya bilərik:

-Hüceyrə qılafının zülallarını dağıdaraq hüceyrələri öldürür;
-Hüceyrə qılafının lipid və zülallarını yox edərək onu sərtləşdirir, bunun nəticəsində də hüceyrənin funksiyalarını yerinə yetirməsinə mane olur;
-Hüceyrənin nüvə qılafını yararaq oradakı genetik məlumata təsir edir və DNT-ni qırılma məqamına gətirərək mutasiyalara səbəb olur. İmmun sistemindəki hüceyrələri yox edərək immuniteti zəiflədir.


Sərbəst radikalların hüceyrəyə verdiyi zərər nəticəsində bədənin xəstəliklərə qarşı müqaviməti zəifləyir və bədənin bəzi yerlərində fəsada səbəb olan xəstəliklər meydana gəlir. Sərbəst radikalların səbəb olduğu bu xəstəlikləri dörd qrupa bölə bilərik:

İrsi xəstəliklər (sümük iliyində kök hüceyrə çatışmazlığından yaranan Fankoni anemiyası, boy qısalığı, böyümə geriliyi, kiçik alt çənə, əyri burun və qulaqlar, uzun və dar üz quruluşu, fotosensitiv adlanan dəridə günəş şüalarına həssaslıq, üzdə qızartı, səs incəliyi və qısırlıq kimi əlamətləri olan fiziki və əqli çatışmazlıq, immun sistemi çatışmazlığından yaranan xroniki ağciyər xəstəliyi, şəkər və xərçəngə, xüsusilə də Xodjkin limfoma (qan xərçənginə) meyillilik (bir çox xəstə 25 yaşına qədər xərçəngə tutulur və həyatını itirir), ömrün qısalmasına səbəb olan blum sindromu);

Ətraf mühit faktorları (peşə xəstəlikləri, virus və bakterial infeksiyalar), həm irsi, həm də ətraf mühit xəstəlikləri (bronxial astma, ürək xəstəlikləri və s.);

Erkən yaşlanma;


Elm adamları hüceyrənin dözümlülüyünü artırmaq və sərbəst radikalların dağıdıcı təsirlərini azaltmaq üçün müxtəlif araşdırmalar aparırlar.

Sərbəst radikalların hüceyrəyə verdiyi zərərin qarşısını alan antioksidant: avokado yağı

Elmi araşdırmalar beta-karotin, askorbin turşusu və alfa-tokoferol kimi antioksidantların sərbəst radikalların səbəb olduğu oksidləri zərərsizləşdirdiyini, həmçinin sərbəst radikalların xəstəlik və yaşlanma təsirini azaltdığını göstərmişdir. Eyni zamanda E və C vitaminləri də sərbəst radikalların dağıdıcı təsirini azaldır. Kök, pomidor, brokkoli, kələm, kərəviz, çiyələk, böyürtkən, itburnu, kivi, gavalı kimi bir çox meyvə və tərəvəzdə olan antioksidantlar sərbəst radikalların mənfi təsirini böyük ölçüdə azaldır. Ancaq bu qidalardakı antioksidantlar mitoxondrinin içinə girmirlər. Buna görə də sərbəst radikallar mitoxondriyə zərər verməyə davam edir, enerji hasilatını dayandırır və hüceyrənin ölməsinə səbəb olur. Bu, neft sızması zamanı sadəcə neftin yayıldığı ərazinin təmizlənib, sızıntıya səbəb olan qaynağın qarşısının alınmamasına, nəticə etibarı ilə neftin sızmağa davam edərək balıqların ölümünə səbəb olmasına bənzəyir. Ancaq aparılan təcrübələr avokado yağının mitoxondridəki sərbəst radikallara qarşı qoruyucu təsirinin olduğunu ortaya çıxarıb. Uca Allah avokado yağında sərbəst radikallara qarşı dözümlülük göstərən xüsusi quruluş, eyni zamanda oksidləşmənin qarşısını alan piqmentlər yaratmışdır.

Avokado yağı mitoxondridə qaz mübadiləsinin artmasına səbəb olur. Bu isə sərbəst radikalların miqdarını artırır. Ancaq hüceyrə sərbəst radikallara məruz qalsa və mitoxondri belə vəziyyətdə sərbəst radikal istehsal etsə də, hüceyrə öz funksiyalarına davam edir və lazımi enerji üçün qidalardan istifadə edir. Bu göstərir ki, avokado yağı ilə sərbəst radikallardan qaynaqlanan bir çox xəstəliyin qarşısı alına bilər. Belə ki, avokadonun xolesteroldakı qan təzyiqini düşürdüyü, eyni zamanda diabet xəsətələrində yüksək miqdarda rast gəlinən və infarkta səbəb olan bəzi yağları azaltdığı elmi cəhətdən sübut edilmişdir.

Avokadonun digər faydaları

Avokadonun vətəni Meksika, Qvatemala və Cənubi Amerikanın şimal sahilləridir. Kürə, oval, ellips və ya armud formasında olan yaşıl, qırmızı rəngli bu meyvə Allahın qullarına bəxş etdiyi mükəmməl nemətdir. Avokadonun digər faydalarını isə belə sıralaya bilərik:

Yaşlanmanın qarşısını alır

Avokadonun tərkibindəki vitaminlər hüceyrə yeniləyici xüsusiyyətlərə sahib olduğundan yaşlılığın gecikməsi üçün istifadə olunur, dərini qidalandırır və qoruyur. Qeyd etdiyimiz kimi, qidalar bədənimizdə enerjiyə çevrilən zaman oksidant adlanan bəzi maddələr ortaya çıxır. Avokado yağı tərkibindəki çoxsaylı antioksidantlar sayəsində zərərli maddələrin mənfi təsirinin qarşısını alır, hüceyrələri yeniləyir, toxuma və orqanların yaşlanmasını gecikdirir. Bu yağ bədənimizdəki hüceyrələrə zərər verən və onları yaşlandıran sərbəst radikalları tərkibindəki zəngin E vitamini ilə zərərsizləşdirir.

Xolesterolu aşağı salır

Avokadonun tərkibində olan 30% doymamış yağ bədəndəki xolesterolun artmasının qarşısını alır. Ürək və damar xəstəliklərində təbii şəfa qaynağıdır. Mədə xorasına müsbət təsir göstərir. Aparılan kliniki tədqiqatlarda avokado meyvəsindən, xüsusilə də yağından istifadə edən xolesterol xəstələrinin narahatlıqlarının azaldığı müşahidə edilmişdir. Əvvəllər aparılan tədqiqatlarda doymamış yağların xolesterola mənfi təsir etdiyi müəyyən edilmişdi. Ancaq müasir dövrdə bu cür yağların xolesterol xəstələrinə faydalı olduğu öyrənilib. Avokadoda yüksək miqdarda olan doymamış yağlar (təkli doymamış yağ) bitkinin insan sağlamlığı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.

Avokado A, B1, B2, B3, B6, C, E, K vitaminləri, həmçinin fosfor, maqnezium, dəmir, kalium və sink kimi minerallarla da zəngindir. İmmun sistemini gücləndirir.

Avokadodakı kalium banandan 35% daha çoxdur. Yüksək miqdarda kalium insana güc verir və depressiyanın qarşısını alır.

İmmun sistemini gücləndirərək qandakı alkalinin tarazlığını qoruyur və qan hüceyrələrini çoxaldır. Bitki dəmirlə də zəngindir.

Rəbbimiz avokado kimi bir çox nemətlər yaratmışdır. Allah Quranda qulları üçün yaratdığı bu nemətlər haqqında dərin düşünməyi belə bildirir:

Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 4)

Avokado, zeytun və zeytun yağı arasındakı bənzərliklər

Avokadonun xüsusiyyətlərinə malik digər bitki isə zeytun və zeytun yağıdır. Aparılan araşdırmalar nəticəsində zeytun və zeytun yağından daha çox istifadə edən Aralıq dənizi ölkələrində ürək və yüksək xolesterol kimi xəstəliklərə daha az rast gəlinmişdir. Zeytunun yetişmədiyi bölgələrdə zeytun yağındakı faydaların avokado yağından alınması, əlbəttə ki, Rəbbimizin qullarına bəxş etdiyi nemətidir. Ayədə belə buyurulur:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Avokado (təzə, bişirilməmiş, yeyilə bilən hissələri 100 q)


Qida dəyəri
Enerji 670 kJ (160 kcal)
Karbohidrat 8,53 q
Qlükoza 0,66 q
Lif 6,7 q
Yağ 14,66 q
Doymuş yağ 2,13 q
Təkli doymamış yağ 9,80 q
Çoxlu doymamış yağ 1,82 q
Zülal 2 q
Tiamin (vit. B1) 0,067 mq (5%)
Riboflavin (vit. B2) 0,130 mq (9%)
Niasin (Vit. B3) 1,738 mq (12%)
Pantoten turşusu (vit. B5) 1,389 mq (28%)
B6 vitamini 0,257 mq (20%)
Fol turşusu (vit. B9) 81 mq (20%)
C vitamini 10 mq (17 %)
Kalsium 12 mq (1%)
Dəmir 0,55 mq (4%)
Maqnezium 29 mq (8%)
Fosfor 52 mq (7%)
Kalium 485 mq (10%)
Sink 0,64 mq (6%)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.