www.derinbilgiler.net » Məqalələr » İmani » Şükür etmək nemətləri artırır

 
 
 


Şükür etmək nemətləri artırır

Müəllif: Terish Tarix 29-04-2016, 12:40, Baxılıb: 409

0
Şükür etmək nemətləri artırır


Şükür Quranda ən çox vurğulanan mövzulardan biridir. Təxminən yetmiş ayədə şükür etməyin əhəmiyyətinə diqqət çəkilir, möminlərə şükür etmələri xatırladılır, şükür edənlərin və şükür etməyənlərin misalları çəkilir, aqibətlərindən danışılır. Şükrün Quranda vurğulanmasının səbəblərindən biri imanın və tovhidin göstəricilərindən biri olmasıdır.

Şükür bütün nemətlərin tək sahibinin Allah olduğunun və ancaq Ondan gəldiyinin şüurunda olmaq, bunu qəlblə və dillə ifadə etməkdir. Şükür etməyin əksi isə Quranda nankorluq mənasını verən "küfr" termini ilə təyin olunur. Sadəcə bu təsvir şükür etməyin Allah qatında nə qədər mühüm ibadət olduğunu və bu ibadətdən uzaqlaşmağın insanı nə qədər pis mövqeyə apardığını görmək üçün kifayətdir. Bir ayədə şükür etmək, "Allah’a ibadət etmə" yin şərtlərindən biri kimi belə bildirilir:

"Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!" (“Bəqərə” surəsi, 172)

Qürur, həsəd və qısqanclığı səbəbindən qiyamətə qədər bütün həyatını insanları doğru yoldan azdırmağa həsr etmiş şeytan insanın şükürdən uzaqlaşmağını böyük bir müvəffəqiyyət hesab edir. Şeytanın əsas hədəflərindən birinin insanları şükürdən döndərmək olduğunu nəzərə aldıqda şükür etməyən insanın necə böyük azğınlıq içində olduğu daha aydın olur.

Şükür imtahanın bir hissəsidir. Allah insana qatından saysız-hesabsız nemətlər verir, ona necə davranmalı olduğunu bildirir və onun bu nemətlər qarşısındakı rəftarını sınayır. Bu, aşağıdakı ayələrdə belə bildirilir:

"İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun." (“İnsan” surəsi, 2-3)


Allah şükrün qarşılığını verəcəyini, şükür edənlərə nemətlərini artıracağını və onları mükafatlandıracağını Quranın digər bir çox ayəslərində bildirmişdir. Bu ayələrdən biri belədir:

"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir." (“İbrahim” surəsi, 7)

"Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (“Nəhl” surəsi, 18) ayəsində bildirildiyi kimi, Allah`ın nemətlərini tək-tək saya bilmək, hətta nemətləri növlərə bölərək saymaq belə mümkün deyil. Nemətin sərhədi olmadığı kimi, şükür etməyin də bir sərhədi yoxdur. Buna görə də insan daima şükür etməli, Allahın nemətlərini xatırlamalı, yadda saxlamalı və tez-tez təfəkkür etməlidir.

Bəzi insanlar şükür etmək üçün onlara çox böyük, xüsusi bir nemətin gəlməsini və ya böyük problemlərinin həll olunmasını gözləyirlər. Halbuki bir az diqqət yetirdikdə insanın hər anının nemət içində keçdiyi görünür. Həyatı, sağlamlığı, ağlı, şüuru, beş duyğu orqanı, nəfəs aldığı hava və bunlara bənzər saysız - hesabsız nemətlər ona hər an fasiləsiz təqdim olunur. Bu nemətlərin hər birinə görə isə ayrı-ayrı şükür etmək lazımdır. Allahı anmaqda, təfəkkürdə tənbəl davranan insanlar qəflət içində olduqları üçün bu nemətlərin dəyərini onlara sahib olarkən bilmir, bunların şükrünü etmir, ancaq bu nemətlər əllərindən alındığı zaman dəyərlərini anlayır və nankorluqlarının nəticəsi ilə qarşılaşırlar.

Şükür etməklə bağlı xəbər verilən bir sirr isə Allahın Quranda və xarici dünyada yaratdığı ayələri (dəlilləri) ancaq çox şükür edənlərin anlaya biləcəyidir. Bu ayələrdən bəziləri belədir:

"Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə (çox asanlıqla) bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik." (“Əraf” surəsi, 58)

[/b]"Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allah`ın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir. (“Loğman” surəsi, 31) [/b]

Allah`ın bu ayə və dəlillərinin hikməti ancaq çox şükür edənlərin əldə etdikləri qavrayış və həssaslıqla aydın ola bilər. Nankor və laqeyd insanlar isə Allahın ayələrinin hikmətlərini anlaya bilməz, hətta bu ayələrin fərqinə də vara bilməzlər.

Allah hər şeyi bir məqsəd və hikmətlə yaratdığı kimi, insana verdiyi nemətləri də bir məqsəd üçün yaratmışdır. İnsana verilən hər şey insanın Allaha şükür etməyi üçün bir nemətdir. Nemətin verilməsi o neməti istifadə edən insanı Allaha yönəltməlidir.

Şükür həm böyük bir ibadətdir, həm də insanı azğınlaşmaqdan qoruyan bir qalxan kimidir. Çünki insan nəfsində zənginlik və ya güc tapdıqda zalımlaşmağa, zorbalaşmağa, vicdansızlaşmağa qarşı meyil etmə vardır. Zənginləşib yaxşı imkanlara sahib olsa, acizliyini unutmağa və qürurlanmağa başlayır. Şükür isə bu azğınlığa mane olur.

Şükür edən insan bilir ki, sahib olduğu hər neməti ona verən Allahdır. Bu neməti Allahın yolunda, Onun istədiyi şəkildə istifadə etməklə məsuldur. Yüksək mövqe, böyük mülk və hakimiyyət verilən hz. Davud və hz. Süleymanın təvazökarlıq və kamilliklərinin bir səbəbi də həmişə şükür etmələridir. Ona verilən mülkə görə azğınlaşan Qarunun da səhvi şükür etməyi bilməməsidir.

Şükür təkcə Allaha sözlə həmd etməklə yox, Rəbbimizin verdiyi bütün nemətləri Haqq yolunda istifadə etməklə olur. Mömin ona verilən hər şeyi, Allah rizası üçün istifadə etməklə məsuldur.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş