www.derinbilgiler.net » Məqalələr » İmani » Şeytanın inananlar üzərində heç bir gücü yoxdur

 
 
 


Şeytanın inananlar üzərində heç bir gücü yoxdur

Müəllif: Terish Tarix 23-03-2016, 14:03, Baxılıb: 228

0
Şeytanın inananlar üzərində heç bir gücü yoxdur


İnsanların əksəriyyəti şeytanın əsl xüsusiyyətlərini bilmir, onu ətrafdakılardan eşitdikləri və ya filmlərdə gördükləri kimi xəyali varlıq olaraq tanıyırlar. Buna görə də bəzi insanlar şeytanın müstəqil gücə sahib olduğunu düşünürlər. (Allahı tənzih edirik). İnsanların bəziləri də şeytanın varlığına şübhə ilə yanaşaraq ona əhəmiyyət vermirlər. Varlığına ehtimal versələr belə, şeytanın heç bir təsirinin olmadığını düşünürlər. Bunların hər ikisi də heç bir dəlilə əsaslanmayan, əksinə yalnız güman edilən yanlış inanclardır.

Quranda bildirildiyinə görə, şeytan, zənn edildiyi kimi, müstəqil gücə sahib deyil. Allahın yaratdığı və Onun nəzarətində olan varlıqdır. Dünyada etdiyi bütün fəaliyyətlər ancaq Allahın izni ilə reallaşır. Şeytan Allahın hüzurundan qovulduqdan sonra Allahdan qiyamətə qədər möhlət istəmişdir. Bu haqda ayələrdə belə bildirilir:

Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah İblisə:) “Mən sənə əmr edəndə sənə nə mane oldu?” - deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” - dedi. (Allah) buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!” (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx! Onlardan hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!” (Əraf surəsi, 11-18)

Şeytan Allahın hüzurundan qovulduqdan sonra insanları doğru yoldan azdıracağına and içmiş və hiyləgər fəaliyyətlərinə başlamışdır. Allah şeytanın bu fəaliyyətlərini Özünə iman və qulluq edənlərlə etməyənləri ayırd etmək üçün imtahan səbəbi etmişdir. Şeytanın hiyləgər oyunları, tələləri və planları dünyada yaşayan, yəni imtahanı davam edən bütün insanlara aiddir. Şeytan istisnasız hər kəsi aldatmaqla məşğuldur. Buna görə də heç kim şeytanın təsirini özündən uzaq görməməlidir. Əgər insan bu təhlükənin şüurunda olsa, diqqətli davranar və şeytanın ən kiçik hiyləsini belə anlayar. Amma əgər özündən uzaq görsə, asanlıqla şeytanın təsiri altına düşə bilər. Bu səbəbdən, şeytan Allahın səmimi qullarına təsir edə bilməz.

İnsan gündəlik həyatında qarşılaşdığı hər hadisədə səhv edə bilər. Əgər səmimi imana sahib deyilsə, şeytanın təsiri onun bütün həyatını əhatə edər ki, bunun nəticəsində insanı cəhənnəmə qədər aparar. Şeytanın hədəfi də budur. Şeytan insanların Allaha üsyan etməsini və bunun nəticəsində sonsuza qədər əzab içində qalmasını istəyir. Cəhənnəmə girənə qədər onlardan əl çəkmir. Bütün hiylələrinin, insanları davamlı olaraq müşahidə etməsinin, fürsət gözləməsinin məqsədi insanları da özü ilə birlikdə cəhənnəmə aparmaqdır. Allah bir ayəsində şeytanın bu düşmənçiliyinə qarşı insanları xəbərdar etmişdir:

Həqiqətən, şeytan sizin düşməninizdir, onu düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatir surəsi, 6)

İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində, (iblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (ona bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Səba surəsi, 20-21)

Allah Quranda şeytanın hiyləsinin zəif olduğunu bildirmişdir (“Nisa” surəsi, 76). Yuxarıdakı ayədə də göründüyü kimi, şeytanın insanları məcbur etməsi mümkün deyil, onun buna gücü də çatmaz. Şeytan insanları yalnız çağırar və Allaha səmimi olaraq iman gətirməyən, axirəti inkar edən insanlar bu çağırışa tabe olub özlərini zərərə apararlar. Axirətdə şeytanın etirafı bir ayədə belə bildirilir:

İş bitdikdə şeytan belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində, mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənin dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim”. Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir! (İbrahim surəsi, 22)

Şeytanın hiyləsi zəifdirsə, verdiyi mənfi təlqinlərin təsirindən xilas olmaq da çox asandır. Allah insanlara bu təsirdən uzaqlaşmanın yollarını da ayələri ilə belə bildirir:

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)

Bu ayələrdən də göründüyü kimi, şeytanın iman gətirmiş insanlar üzərində təsiri yoxdur. Şeytanın mənfi təsirindən uzaqlaşmanın yolu, əvvəlcə, sonsuz qüdrət sahibi olan Allaha sığınmaq və Allahın ayələri üzərində düşünməkdir. Qəflətə qapılmadan zehin açıqlığı ilə düşünən və həqiqətləri görə bilən insan şeytanın onu aldatmasına qarşı son dərəcə diqqətli olar və onun tələsinə düşməz.

Amma insanların əksəriyyəti özləri üçün belə bir təhlükənin olduğunu düşünməz və şeytanın təlqinlərinə qarşı Allaha sığınmazlar. Şeytan qəflət içindəki bu insanlara hiyləgərcəsinə yaxınlaşar və öz təlqinlərini pıçıldayar. Bəzi insanların həqiqətləri bilə-bilə özlərini aldatmasının səbəblərindən biri də şeytanın bu vəsvəsələrinə qulaq asmaları və ona tabe olmalarıdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş