www.derinbilgiler.net » Məqalələr » İmani » Möcüzəvi dünya

 
 
 


Möcüzəvi dünya

Müəllif: Terish Tarix 19-03-2016, 14:27, Baxılıb: 272

0
Möcüzəvi dünya


Doğulduğumuz ilk gündən etibarən rəngarəng dünyaya gözlərimizi açırıq. Bu dünyada hər şey insan üçün, insanın rahat həyat sürməsi üçün yaradılıb. Böyüdükcə təbiətin gözəlliyinə valeh olur, hələ uşaqlıq illərimizdən səmanı, günəşi seyr edirik. Gecələr göy üzünə baxanda ayı, ulduzları görürük. Yağışın yağmasını seyr edirik və bütün bunlar ruhumuza zövq verir...Mükəmməl bədənə sahibik. Qollarımız, barmaqlarımız, ayaqlarımız, gözlərimiz, qulaqlarımız bir-birinə simmetrik şəkildə yaradılıb, bütün bədənimizdə nizam var və biz bunun üçün heç bir səy göstərmirik. Xarici görünüşümüz kimi, daxili orqanlarımız – ürəyimiz, böyrəyimiz, qara ciyərimizin böyüməsi və normal işləməsi üçün də heç nə etmirik...Səhər evdən çıxanda nəqliyyat vasitələrindən istifadə edərək məktəbə, universitetə, işə tələsirik. Acdığımız zaman soyuducunu açırıq və çeşid-çeşid nemətlər arasından ürəyimiz istəyəni seçib yeyirik. Müxtəlif rəngdə və müxtəlif dadda olan meyvələrdən bədənimizin ehtiyacı olan vitaminləri qəbul edirik.Əl-üzümüzü yumaq istəyəndə kranı açırıq və yuyunuruq...

Bu misallar həyatımızda olan gözəlliklərdən sadəcə bir neçəsidir və biz onları doğulduğumuz gündən bəri gördüyümüz üçün “adi” qarşılayırıq. Halbuki bunların heç biri “adi” deyil, əksinə “möcüzədir”. Biz “möcüzəvi dünyada” yaşayırıq. Gördüyümüz, hiss etdiyimiz, sahib olduğumuz hər şey “möcüzədir”. Düşünmüsünüzmü, rəngarəng dünya əvəzinə, qaranlıq dünyada doğula bilərdik? Ağaclar, quşlar, heyvanlar olmaya bilərdi. Səmada günəş, ay, ulduzlar olmazdı, yağış yağmazdı. İnsan ən gözəl şəkildə yaradılıb. Bəs bədənimiz belə gözəl olmasa idi, necə olardıq?! Məsələn, bir yox, iki burnumuz olsa idi, yaxud da üç ayağımız ... Təsəvvür etmək belə çox itici gəlir insana. Ancaq biz fərqinə belə varmadan Allah ana bətnindən bizi ən gözəl tərzdə yaradaraq dünyaya gətirib.Yaxud da nəqliyyat vasitələrini götürək. Nəqliyyat vasitələri olmasa idi, biz uzaq məsafəni piyada getmək məcburiyyətində qalardıq. Çeşid-çeşid nemətlər əvəzinə ancaq bir təam olsa idi, biz hər dəfə eyni təamla qidalanmalı olardıq. Yəqin ki, sizin də başınıza gəlib. İnsan çox sevdiyi yemək də olsa, onu bir neçə gün dalbadal yesə, o yeməkdən sıxılır.Həyatımızın ayrılmaz parçası olan şirin suyu götürək ... Şirin su olmasa idi, su əldə etmək üçün uzaq məsafə qət etməli olardıq.

Bəs bu nemətlərin bizə Allahın lütfü olduğunu düşündünüzmü? Əgər bunlar haqqında hələ fikirləşməmisinizsə, sahib olduğunuz nemətləri bir daha nəzərdən keçirin. Allah ayələrində belə buyurur:

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam surəsi, 96)

Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? (Fatir surəsi, 27)

Gördüyümüz kimi, Allah ayələrində bu nemətləri bizə verdiyini bildirir və bizi onlar üzərində düşünməyimizə sövq edir. Bəs bu nemətlərin əvəzində Allah bizdən nə istəyir? Bu sualın da cavabını yenə Quranda tapırıq:“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin” (Nəhl surəsi, 114)

Ayələrə baxanda anlayırıq ki, Allah bu qədər “möcüzəvi nemətlərini” Ona şükür etməyimiz üçün verir. Bu “möcüzəvi dünyada” heç nə boşuna yaradılmayıb. Hər şey elə incəliklə və sevgi ilə yaradılıb ki... Hər şey Allahın ucalığını, böyüklüyünü, hər yeri əhatə etdiyini, hər şeyə qadir olduğunu düşünməyimiz və dərk etməyimiz üçün verilib. Elə isə bir daha bizi əhatə edən gözəllikləri dərindən düşünək və hər biri üçün Allaha şükür edək.

Aygün Sadıqzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş