www.derinbilgiler.net » Məqalələr » İmani » İmanı zəif olan insanların hadisələrə münasibəti

 
 
 


İmanı zəif olan insanların hadisələrə münasibəti

Müəllif: Terish Tarix 16-01-2016, 10:15, Baxılıb: 313

0
İmanı zəif olan insanların hadisələrə münasibəti

İmansızlıq insanı dərin mənəvi boşluğa, sıxıntıya, narahatlığa sürükləyir və həyatın əsl məqsədindən uzaqlaşmasına səbəb olur. Belə insanlar hadisələrə çox səthi yanaşırlar. Dar düşüncə tərzinə malik olan bu insanlar hər şeyi dayaz düşüncələri çərçivəsində dəyərləndirirlər.
İman gətirməyən insan üçün hər şeyin mərkəzi özüdür. Dünyada böyük müharibə baş verdikdə belə, onu maraqlandırmır, çünki onun üçün əsas özünün bu müharibədən zərər çəkib-çəkməməsidir.
İnsanın belə vəziyyətdə özü və yaxınları üçün tədbir görməsi, əlbəttə, normaldır. Ancaq insanın cavabdehlik şüuru sadəcə yaxın ətrafı ilə məhdudlaşmamalıdır. Çünki bu cür insan ancaq şəxsi rahatlığını düşünür. Çətinliklərlə qarşılaşan, həyat uğrunda mübarizə aparan insanların vəziyyətini yaxşılaşdırmaq onu maraqlandırmır.
Bu insan hər hansı ölkədə təhlükəsiz yaşayarkən bir anda müharibə mühitinə düşən qadınlar, uşaqlar, qocaların yaşadığı çətin şəraiti düşünmür. İnsanların bu vəziyyətə düşməsinə səbəb olan əsl səbəbləri araşdıraraq bu çatışmazlıqları aradan qaldırmaq üçün cəhd etməyən insan var gücü ilə özünü xilas etməyə çalışar.
Allah qorxusu olmadıqda isə dünyadakı qarışıqlıqları görüb səmimi şəkildə Quran əxlaqının hakim olmasına cəhd etməyin yerinə, ancaq özünü və yaxın ətrafını xilas etmək istəyər. Öz ehtiyaclarını təmin etmək, çətinlik çəkməmək onun üçün kifayətdir. Başqalarının nə vəziyyətdə olması, qorxu içində və aclıq təhlükəsi ilə yaşaması onun üçün əhəmiyyət daşımır.
Halbuki yüksək əxlaqa malik şüurlu insan yuxarıda çəkdiyimiz misaldakı kimi mühitdə olmasa da, dünyadakı qlobal hadisələrə baxaraq bəşəriyyətin din əxlaqına ehtiyacı olduğunu dərhal anlayar. Özündən başqasına laqeyd yanaşan və eqoist insanlardan ibarət cəmiyyətin insanları dinsizliyə sürükləyəcəyini dərk edər. Allahın razı olduğu gözəl əxlaqın yaşanmamasının cəmiyyətə vurduğu dərin yaraları görər və anlayar ki, bu yaraları sağaltmağın yeganə yolu din əxlaqını cəmiyyətdə hakim etməkdir. Sonra əlindən gəldiyi qədər çalışar, bu üstün əxlaqla yaşamağı və insanların da yaşamasına vəsilə olmağı qarşısına məqsəd qoyar. Allah gözəl əxlaqlı möminləri Quranda belə müjdələyir:

Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik… (Əraf surəsi, 165)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

İman gətirməmiş və ya imanı zəif olan insanlar çox vaxt hadisələrin xeyirli tərəflərini görmədiklərinə görə hər şey üçün kədərlənir, sıxıntıya düşəcəklərini zənn edir və haqsızlığa məruz qaldıqlarına inanırlar. Hətta belə insanlara yaxşı söz dedikdə belə, birdən emosionallaşır, ağlamsınırlar. Bütün bunların ən əsas səbəbi dinin məğzini qavramamaqlarıdır. Çünki Quranı bütün həyatına tətbiq edən insan mənfi düşüncələrin təsirinə düşməz və Allahın rəhmətindən ümidini üzməz. Bu, Allahın Quranda bildirdiyi mühüm mövzudur:

… Allah`ın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)

Ümidsizlik və bədbinlik imansız və zəif insanların maddi-mənəvi gücünü əlindən alan, onların əhvalını pozan, şövqsüzlüyə, kədərə səbəb olan xüsusiyyətdir. Bu insanlar mənfi düşündükləri kimi, möminlərin hər hadisəyə xeyir və hikmət gözü ilə baxmasına da təəccüblənirlər. Fəlakət kimi gördükləri hadisələrin tamamilə Allahın nəzarətində olduğunu qavramırlar. Bu anlayışsızlıq danışıqlarına da yansıyır. Yanlış düşüncə ilə ətraflarındakı özləri kimi insanlara da sıxıntı verir, onların da ümidini qırırlar. Əsla İslam əxlaqının bəşəriyyətə gətirdiyi sülh, əmin-amanlıq və xoşbəxtlikdən bəhs etmirlər. Müsəlmanların faydalı fəaliyyətindən, İslam əxlaqı ilə yaşamağın asanlığından, Allahın möminlər üzərindəki rəhmətindən danışmırlar. Onlara daima mənfi əhval-ruhiyyə hakimdir.
Möminlər isə əsla belə davranmırlar. Çünki bilirlər ki, insan çətinliklə qarşılaşırsa, həmin çətinliyi Allah yaradır və hər şeydə olduğu kimi, çətinliklərin də insan üçün xeyirli cəhətləri var. Allahın köməyi ilə elə bir çətinlik yoxdur ki, insan onun öhdəsindən gəlməsin. Bunu bilən müsəlmanlar həmişə ümidvar olurlar. Ona görə, əsla mənfi düşüncəyə yer vermirlər. Başlarına gələn hər hadisəyə xeyir gözü ilə baxır, əsla “görəsən sonu necə olacaq?” “birdən belə olsa…” kimi düşünmürlər.

Bu insanlar hər hansı mövzuda “bilmirəm, məlumatım yoxdur, xəbərim yoxdur” demək istəmirlər. Əksinə, bilmədiyi mövzu, tanımadığı insan, qarşılaşmadığı hadisə haqqında təxmini şərh verirlər. Quran əxlaqı ilə düşünmədiklərinə görə, bilməsələr də, bilirmiş kimi davranırlar. Səbəbi isə həmin insanların gözündə imicini zədələməkdən çəkinir və bilmədiyini demək nəfsinə ağır gəlir. Allah bir ayədə: “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!” (Ali-İmran surəsi, 66) -bildirərək insana məlumatı olmayan mövzuda mübahisə etməməyi, bilmədiyi şeyin ardınca getməməyi əmr edir.
Bir insan nə qədər çox bilsə də, bilmədiyi şeylər də vardır. Hər şeyi ancaq sonsuz ağıl və elm sahibi uca Allah bilir. İnsanın bir çox sahədə məlumatı olsa belə, Allah’ın “…Hər bilik sahibindən də üstün bir bilən vardır” (Yusif surəsi, 76) ayəsini unutmamalıdır. Allah bu ayə ilə insanlara nə qədər bilikli olsalar da, təvazökar olmağı buyurmuşdur.
Allahdan səmimi qorxan insan doğruluğuna şübhə etdiyi sözü deməkdən çəkinər. Belə bir halla qarşılaşdıqda xəbəri olmadığını deməyə utanmaz. Ək təqdirdə, Allahın “Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısı sorğu-sual olunacaqdır” (İsra surəsi, 36) ayəsində bildirdiyi kimi, boynuna məsuliyyət götürür.

Belə adamlar başqasının diqqətini cəlb etmək, onları güldürmək kimi bayağı məqsədlər üçün hadisələri şişirdirlər. Hətta buna görə inadla mübahisə edir, yalan belə danışırlar. Özlərini göstərmək üçün yalana o qədər də əhəmiyyət vermirlər. Hətta şişirdilmiş söhbətləri yalan hesab etmir, bunu əyləncə kimi göstərməyə çalışarlar. Halbuki Quranda “…yalan sözlərdən də çəkinin” (Həcc surəsi, 30) buyurulur. Bu səbəbdən, böyük-kiçik, zərərli-zərərsiz deyə düşünmədən yalandan çəkinmək lazımdır.

Gülnarə Yadigarova

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş