www.derinbilgiler.net » Məqalələr » İmani » Sizi xoşbəxt edən nədir?

 
 
 


Sizi xoşbəxt edən nədir?

Müəllif: Terish Tarix 12-01-2016, 11:25, Baxılıb: 468

0
Sizi xoşbəxt edən nədir?

Xoşbəxtlik ... Hər kəs xoşbəxt olmaq istəyir, xoşbəxtliyin nədə olduğunu tapıb hüzurlu həyat sürmək istəyir. Bəzi insanlar xoşbəxt olmaq üçün müəyyən arzularının yerinə yetməsini istəyirlər, məsələn, ali məktəbə daxil olmaq, gəlirli işə girmək, sevdiyi insanla ailə həyatı qurmaq, övladını sağlam görmək və s. Niyə bəziləri əlində olan nemətlərlə xoşbəxt olmurlar? Bəs arzuladığınız şeylər reallaşdıqda mütləq xoşbəxt olacaqsınızmı? Xoşbəxtliyi harada axtarmalıyıq?

Əslində, xoşbəxt olmaq bəzilərinə qeyri-mükün kimi görünsə də, heç də çətin deyil. Xoşbəxt olmaq çox asandır. Xoşbəxt olmaq üçün qeyri-adi şeylərin baş verməsinə də ehiyac yoxdur, yaxud da çətin kimi görünən arzularımızın reallaşmasına da. Sadəcə həyata fərqli baxmaq kifayətdir, özümüzdə olanları dəyişdirmək lazımdır. O zaman həm özünüzün, həm də həyatınızın dəyişdiyini görəcəksiniz. Gəlin həyata yeni baxışla nəzər salaq.

Biz insanıq, Allah bizi insan kimi yaratmışdır, Allah ən gözəl şəkildə bizdə təcəlli edir. Allah gördüyünüz yeri, göyü, torpağı, suyu, ağacları, bir sözlə, hər şeyi bizim üçün, bizim yer kürəsində rahat və təhlükəsiz yaşamağımız üçün yaradıb. Məsələn, Günəşi götürək. Günəşdəki tək bir partlayış Xirosimaya atılan atom bombasından 100 milyard dəfə güclüdür. Allah atmosferi və müxtəlif amilləri vəsilə edərək bizi Günəşin zərərli təsirindən qoruyur. Nəinki təsadüflər, dünyadakı heç bir insan və ya bütün insanlar bir yerə toplaşsalar, yenə də atmosfer kimi bir təbəqəni yarada bilməzlər. Bunun bir açıqlaması var: Yaradılış. Allahın sonsuz gücü. Təsəvvür edin ki, tək Günəş – bizim həm istilik, həm də işıq mənbəyimizdir. Bu, nə qədər böyük nemətdir. Allahın bizə sevgisi nə qədər böyükdür. Bu hadisəni tam dərk etsək, necə xoşbəxt olarıq, Allah sevgisindən coşarıq. Bir də düşünün ki, Allah Günəşi heç çıxarmır, qaranlıqda və ya soyuqda nə qədər yaşaya bilərik?! Günəşi misal verməkdə məqsədim odur ki, bəzi insanlar çox cuzi şeylərə ilişib qalırlar, həyatlarında heç nəyin istədikləri kimi getmədiyini düşünürlər, sevilmədiklərini, arzularının reallaşmadığını və s. Allah bizim həyatımıza o qədər nemətlər bəxş edib ki, o nemətləri görmədən bəzi cuzi hadisələrə bütün diqqətimizi verməyimiz cahillik olmazmı, Allahın narazılığına səbəb olmazmı?

Həyata fərqli baxmağın başqa bir yolu da özümüzdə şüküredici əxlaq formalaşdırmaqdır.Cəmiyyətimizdə hər şeydən narazı, heç bir şeydən qəlbi rahatlıq tapmayan, hər fürsətdə şikayətlənən, hər kəsin pis xüsusiyyətlərini axtaran, hər hadisəni mənfiyə yozan, internet başında oturub hadisələri araşdırmadan bəzi insanlara söz atan, mənfi şərh yazan, ancaq heç bir hadisəyə çıxış yolu gətirməyən insanlar var. Bu cür insanların problemlərinin səbəbi cəmiyyət, insanlar və ya hadisələr deyil. Başlıca səbəbi özləridir, narazı xarakterləridir.

Bu dünya imtahan yeridir, dünyanın istər ən zəngin, istər ən kasıb insanını dindirsəniz, mütləq hər biri özünə aid problemlərini, xəstəliklərini, arzularını və s. bildirəcək. Allah dünyada bizi imtahan etdiyi üçün çətinliklərimiz olacaq, bu da çox normaldır. Həyatda hər şeyi mükəmməl gedən insan yoxdur, əlbəttə ki, problemləri həll etmək üçün müxtəlif tədbirlər ala bilərik. Ancaq əsas olan hadisələrin istədiyimiz kimi cərəyan etməsi deyil, gərək biz hadisələri Allahın yaratdığını, yaradılan hər hadisəni xeyirlə yaratdığını, Allahın bizi imtahan etdiyini, imtahanlarla əxlaqımızı gözəlləşdirdiyini unutmayaq. Əgər istədiyiniz və xoşbəxt olmaq üçün şərt qoşduğunuz arzularınız həyata keçsə də, mütləq yenə yeni şeylər istəyəcəksiniz, xoşbəxt olmaq üçün yeni bəhanələr gətirəcəksiniz.

“Və Rəbbinin nemətindən danış” (Duha surəsi, 11) ayəsi ilə Allah bizə verdiyi nemətlərdən danışmağımızı, o nemətləri görməyimizi və şükür etməyimizi istəyir. Dünyada yerinə yetməyini istədiyiniz bəzi şeyləri və Allahın verdiyi sonsuz nemətləri düşünün, heç müqayisə edilməzdir, elə deyilmi? Xoşbəxtlik sizin xaricinizdə deyil, daxilinzdədir, özünüzü dəyişməyinizdə və Allahı çox dərin sevgi ilə sevməyinizdədir. Elə isə gəlin Allahın bizə bəxş etdiyi hər neməti görək və onlara şükür edək. O zaman həyatınızın necə dəyişdiyini, xoşbət və hüzurlu olduğunuzu görəcəksiniz, inşaAllah.

Firuzə Həsənzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş