www.derinbilgiler.net » Məqalələr » İmani » Necə “xeyirli” övlad yetişdirmək olar?

 
 
 


Necə “xeyirli” övlad yetişdirmək olar?

Müəllif: Terish Tarix 4-12-2015, 12:57, Baxılıb: 391

0
Necə “xeyirli” övlad yetişdirmək olar?


Uşaqlar Allahın valideynlərinə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Övlada sahib olmaq valideynlər üçün çox sevindirici vəziyyət olsa da, bir çox valideyn övladları böyüdükdən sonra onlardan narazı qalır, əziyyətlərinin qarşısında istədikləri kimi övlada sahib olmadıqlarından gileylənir. Hətta çox acınacaqlı hal olsa da, valideynlərini “qocalar evinə” qoyan, yaxud da çöllərə atan övladlara da az rast gəlmirik. Bunlar bir tərəfə, döyülən, təhqir edilən, hətta öldürülən valideynlər də az deyil. Demək olar ki, elə bir gün olmur, xəbərlərdə bu cür hallara rast gəlməyək. Bu vəziyyət isə yalnız bizim ölkədə deyil, dünyanın hər yerində baş verir. Bu problemlərin həlli üçün müxtəlif müzakirələr aparılır və müxtəlif üsullara əl atılır. Bəs əsl çıxış yolu nədir? Bu hal təkcə valideynlər və övlad arasında baş vermir. Niyə cəmiyyətdəki insanlar arasında bu qədər anlaşmazlıq olur, insanlar bir-biri ilə kobud davranır, hörmətsizlik edir, bir-birini sevə bilmirlər?

Hər şeydən öncə, övlad da Allahın bir təcəllisidir, Allah onu həm nemət, həm də imtahan olaraq valideynlərə bəxş edir. Bəzi valideynlər onun Allahın təcəllisi olduğunu unudur, bütün diqqətini və sevgisini onlara yönləndirirlər, onları xoşbəxtliklərinin təməli kimi görürlər. Əlbəttə ki, övlada ən gözəl tərzdə sevgi və qayğı göstərilməlidir, valideynlər hər cür imkanlarından istifadə edərək onları qorumalıdırlar. Ancaq unudulmamalıdır ki, övladı verən də, alan da, yedirən, içirən də Allahdır, uşaqlar da Allahın təcəllisidir. Bir də insan yalnız və yalnız Allahı sevməklə xoşbəxt ola bilər, digər insanları isə Allahın təcəllisi olaraq sevər. Allah insanı ancaq Özünə ibadət etmək üçün yaradıb. Allahın bizə verdiyi hər bir nemət Onun yolunda və Onun rizasını qazanmaq üçün istifadə edildiyi halda, insanı xoşbəxt edə bilər. Eləcə də uşaqlar.

Hər birimiz eşitmişik ki, uşaqlar dünyaya gələndə, yaxud da qohum-əqrəba ilə qarşılaşanda belə dualar edilir: “Allah xeyirli övlad etsin”, “Adı ilə böyüsün”, “Valideynlərinə layiq olsun”, “Xoşbəxt olsun” və s. Əlbəttə, bunlar gözəl arzulardır. Ancaq niyə “Allah imanlı övlad etsin”, “Allah Peyğəmbərlərimiz kimi gözəl əxlaqlı etsin”, “Allah Qurana uyğun yaşayan səmimi möminlərdən etsin” dualarını eşitməyək?! Məhz bu məqalədə vurğulamaq istədiyim məqam da budur: Valideynlər uşaqlarını cəmiyyətin adət-ənənəsinə görə böyüdürlər, tərbiyə verirlər, uşaqlıqdan onların gələcəyini düşünürlər, hansı ixtisasa sahib olacaqlarını planlayırlar. Ancaq önəmli olan o uşağın əsl Quran əxlaqı ilə yaşamasıdır, Allahı sevməsidir, Allahı tanımasıdır. Məsələn, Quran əxlaqında “yalan danışmaq, kimisə ələ salmaq, qeybət etmək, haram pul qazanmaq, lovğalanmaq” haramdır, “gözəl söz söyləmək, valideynlərini incitməmək, nəinki ailəyə, bütün insanlara hörmət etmək və sevgi göstərmək, fədakarlıq etmək, insanlara yaxşılıq etmək və s.” halaldır, Allahın sevdiyini ibadətlərdir. Bir Quran ayəsində buyrulduğu kimi:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

Neçə valideyn oturub övladlarına bu gözəl əxlaqları başa salıb? Allahı sevməyən bir övlad böyüdükdən sonra necə valideynlərini sevsin?! Cəmiyyətimizdə gördüyümüz valideyn-övlad münasibətləri bunun bariz nümunələridir.

Gəlin övladlarımızı Quran əxlaqı ilə böyüdək. Onlara gözəl əxlaq öyrədək, vətənimizi və dinimizi sevdirək. Onları Allahın ən gözəl və məsum təcəlliləri kimi görüb sevək, qayğı göstərək. Bu zaman nəinki övlad-valdeyn münasibətləri düzələr, eləcə də cəmiyyətdəki problemlər kökündən həll olunar. Unutmayaq ki, sevgi, yəni Allah sevgisi dünyadakı bütün problemlərin həllidir.

Firuzə Həsənzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş