www.derinbilgiler.net » Məqalələr » İmani » Görə bilmədiyimiz möcüzələr...

 
 
 


Görə bilmədiyimiz möcüzələr...

Müəllif: Terish Tarix 30-09-2015, 12:51, Baxılıb: 298

0
Görə bilmədiyimiz möcüzələr...


İnsanlar hər zaman Allaha inanmaq üçün möcüzələr axtarıblar. "İman edin” çağırışı qarşısında peyğəmbərlərdən: "Bizə bir möcüzə göstər, iman edək”, – deyə tələb ediblər. Peyğəmbərlərdən bu günə kimi xeyli zaman keçsə də, insanların təfəkkürü dəyişməyib. Bu gün də bir çoxları inanclarının daha möhkəm olması üçün müxtəlif möcüzələr axtarırlar. Təəssüf ki, bu möcüzələrin çoxu fotoşopda hazırlanmış saxta şəkillər, müxtəlif tərəvəzlərdə ərəb hərflərinə oxşar cızma-qaralar, ya da şüurlu şəkildə yazılmış hansısa yazılar olur. Bu cür xürafələr isə heç zaman elmli, geniş dünyagörüşlü insanlarda səmimi iman yaratmır, əksinə, ikrah hissi və gülüş yaradır.

Qurandan bixəbər, dini elmdən ayrı hesab edən, Quran möcüzələrini və iman həqiqətlərini bilməyən və kor-koranə xürafələrə inanmağı seçənlərin imanı çox səthi olur. Bu insanlar Allahın sonsuz gücünü bilmədiklərindən nəzərə, gözdəyməyə, hansısa əşyaların və ya günlərin uğur gətirəcəyinə və s. bu kimi batil inanclara inanırlar. Quranı oxumaq yerinə "hörmət” əlaməti olaraq dəsmala büküb evin uca yerinə qoyurlar və Quranın ancaq ölülər üçün oxunan kitab olduğuna inanırlar.

Halbuki Quranın ilk nazil olan ayəsi "oxu” olmuşdur. Quran elmə, düşünməyə və araşdırmağa dəvət edir. Quran bu gün də elmə yol göstərir, bir çox Quran möcüzəsi öyrənilib və hələ də öyrənilməyə davam edilir. Ən mikroskopik ölçülərdən tutmuş nəhəng qalaktikalara qədər kainatda qüsursuz yaradılış nümunələri var və bunlar elmi nailiyyətlərin köməyi ilə daha dəqiq öyrənilir. Məsələn, hüceyrə. Darvin təkamül nəzəriyyəsini iddia etdiyi dövrdə mikroskoplar çox bəsit quruluşda idi və hüceyrə içi maye dolu şar kimi görünürdü, hüceyrənin daxilindəki kompleks quruluşdan, DNT-dən, genetikadan, mikrobiologiyadan Darvin və tərəfdarlarının xəbəri yox idi. Hazırda isə elektron mikroskoplarla hüceyrə araşdırılır və daxilindəki quruluşun böyük bir şəhərin quruluşu ilə eyni olduğu deyilir. Belə ki, hüceyrə daxilindəki enerji istehsal mərkəzləri, xəbərləşmə texnologiyası, tullantı maddələrin təmizlənməsi, laboratoriya funksiyaları (analiz, sintez, nüsxələmə prosesləri) və s. bir çox mürəkkəb funksiyaları ilə əsl möcüzədir. Məşhur genetik F.Kolins DNT şifrlərini araşdırmalarının ardından iman etmiş və Allahın varlığından bəhs edən kitab yazmışdır. Əvvəllər ateist olan Kolins iman etməsinin səbəbini bu şəkildə açıqlayır:

"Elmi irəliləyişlər insanı Allaha daha da yaxınlaşdırır. Laboratoriyada çalışarkən Allahı hiss etdim. Mütləq bizdən daha böyük bir güc var və mən Ona inanıram. DNT-nin şifrini tapmaq məni Allaha daha da yaxınlaşdırdı. Xəstəlikdən ölən insanlar gördüm, elm onlardan ümidini kəsmişdi. Amma möcüzəvi olaraq həyata döndülər, bu da Allahın işidir”.

İnsan genomu layihəsinin rəhbəri F.Kolins sözlərinə belə davam edir:

"Önəmli bir kəşf etdiyinizdə onun sevincini yaşayarsınız, çünki onu araşdırıb kəşf edibsiniz. Kəşfim elə bir şey idi ki, daha əvvəl heç kim buna nail olmamışdı, amma Allah onu hər zaman bilirdi”.

Bura kimi yalnız mikroskopik ölçüdəki hüceyrəmizdən yazdım. Bədənimizə, flora və faunaya, atmosferə, yer üzündə həyatın davam etməsi üçün lazım olan nisbətlərə, planetlərin quruluşuna, Günəş sisteminə və qalaktikalara nəzər salanda daha da dərin və kompleks nizamlara, yaradılışa rast gəlirik.

Günəş sistemindəki nizamlara qısa nəzər salaq: planetlər arasındakı məsafələr, planetlərin böyüklüyü və çəkidən dolayı yaranan cazibə qüvvəsi, planetlərin Günəşdən uzaqlığı, atmosferi, öz oxu və Günəş ətrafındakı dövrləri və s. kimi onlarla nisbət qorunur. Dünyamız da əsl möcüzədir, Günəş sistemində həyat olan yeganə planetdir. Yer üzündə həyatın davam etməsi üçün bir çox yaradılış möcüzəsi var: havadakı oksigen nisbəti, maqnit sahəsinin mövcudluğu, atmosfer qatlarının qoruyuculuq funksiyası, içməli və təmiz suyun varlığı, istiliyin intervalında qalması (baxmayaraq ki, dünyamız saatda 950 000 km sürətlə hərəkət edir, yenə də bu interval qorunur), havadakı təzyiq və s. Yer üzündə yaşayan canlılar hər biri özlüyündə çox maraqlı xüsusiyyətlərə malikdir. Hansı ki, texnologiyaya ilham qaynağıdır. Məs., işıqlandırma texnologiyasına ilham olan işıldaquş böcəyi, fənərli balıqlar, səssiz sürətli qatarlara ilham olan bayquşlar, uçuş texnologiyası üçün nümunə götürülən iynəcə böcəyi, qartal, yarasalar və s. kimi saysız örnəklər. Bütün bunlar və sadalaya bilmədiyim saysız nümunələr vicdanlı insanların Yaradanı görməsi üçün bir nümunədir.

Din bizə canlıların və kainatın Allah tərəfindən yaradıldığını deyir, elm isə bunun xeyrinə dəlillər gətirir və bu həqiqətləri sübut edir. Maykl Denton "Nature Destiny" adlı kitabının sonunda belə deyir:

"Bir vaxtlar ateizmin və skeptisizmin ən böyük müttəfiqi sayılan elm ikinci minilliyin sonunda nəhayət ki, nə vaxtısa Nyutonun və onun tərəfdarlarının görmək istədikləri kimi antroposentrik dünyagörüşünün ən böyük tərəfdarına çevrilir".

Aysel Vəlizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş