www.derinbilgiler.net » Məqalələr » İmani » Din ilə elm həmişə harmoniyadadır

 
 
 


Din ilə elm həmişə harmoniyadadır

Müəllif: Terish Tarix 15-09-2015, 10:04, Baxılıb: 471

0
Din ilə elm həmişə harmoniyadadır


İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanından istifadə edərək gördüklərindən nəticə çıxarır. Ağıllı və vicdanlı bir insan kifayət qədər biliyə sahib olmasa da, kainatdakı varlıqlara baxıb onu üstün elm və güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yerin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıllı insan asanlıqla dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu anlayar və Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Uca Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Allah Quranda insanları onları əhatə edən yaradılış dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Bütün kainatda mövcud olan sistemləri, canlı-cansız varlıqları nəzərdən keçirən, gördükləri üzərində düşünən və araşdıran hər insan Allahın üstün ağlını, elmini və sonsuz gücünü tanımağa başlayar. Allahın insanları düşünməyə çağırdığı bəzi mövzular ayələrdə belə bildirilir:

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla həm bağlar və biçilən taxıl dənələri, həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları yetişdirdik. (Qaf surəsi, 6-10)

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! (Mülk surəsi, 3)

Elə isə insan nədən yaradıldığına bir baxsın! (Tariq surəsi, 5)

Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir? (Ğaşiyə surəsi, 17-20)

Allah insanları atmosfer, yağış, bitkilər, heyvanlar, doğum, coğrafi xüsusiyyətlər kimi mövzularda araşdırma aparmağa və onları tədqiq etməyə çağırır. Bütün bu varlıqları tədqiq etməyin və araşdırmağın yollarından biri də elmdir. Elmi araşdırmalar nəticəsində əldə edilən məlumatlar insanlara yaradılışın sirlərini, Allahın sonsuz elmini, ağlını və gücünü tanıdır.

Elmlə məşğul olan insan Allahın varlığının dəlillərinə çox yaxından şahid olduğu üçün həm də güclü imana malik olur. Çünki hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl sistemlə, qüsursuzluqla qarşılaşır.

Məsələn, gözü tədqiq edən şəxs insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Daha da təfərrüata varınca isə gözü təşkil edən hər hissənin möcüzəvi yaradılışa malik olduğuna qənaət gətirər. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert Eynşteyn bir yazısında iman edən elm adamlarının dindən həvəs və güc aldıqlarını belə bildirir:

Kainatla bağlı dini hissin elmi araşdırmaların ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki, bu hissi elmi təfəkkürü ilə ilk olaraq birləşdirənlər ən qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona bu cür dərin duyğular vermişdir. Elmi araşdırmaların yalnız praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların qəlblərinə dolur və məhz bu cür insanlar min bir çətinliyə baxmayaraq araşdırmalarına davam edirlər. Onlar bu qüvvəti din duyğusundan alırlar. Bir müasirimiz çox doğru olaraq belə demişdir: “Bizim materialist dövrümüzdə ən dərin din hissini pozitiv elm yolunu ilk araşdıranlar duyublar”.


Din kainatın və canlı həyatın necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı verir. Doğru mərkəzdən başlayaraq aparılan araşdırmalar isə öz növbəsində kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda və ən az enerji sərf edərək aşkara çıxarır. Eynşteynin də dediyi kimi dinsiz elm şikəstdir, yəni dinin yol göstərmədiyi elm irəliləyə bilmir, dəqiq nəticələr əldə etməsi çox vaxt alır və hətta çox vaxt nəticə əldə etmək də mümkün olmur.

Əslində, elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırmaq məqsədini güdür və bu məqsəd üçün çalışdıqda doğru nəticələr əldə edə bilir. Yolu düzgün müəyyən edildikdə, doğru istiqamətləndirildikdə elm əsl məqsədinə ən qısa müddətdə çata bilər.

Sevinc Haqverdizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş