www.derinbilgiler.net » Məqalələr » İmani » İntiharların qarşısını necə almaq olar?

 
 
 


İntiharların qarşısını necə almaq olar?

Müəllif: Terish Tarix 14-09-2015, 11:26, Baxılıb: 331

0
İntiharların qarşısını necə almaq olar?


İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir. Çox təəssüf ki, bəzi insanlar sahib olduğu nemətlərin fərqində deyil, rastlaşdığı və aşa bilmədiyi bəzi çətinliklər qarşısında həyatına qəsd etməyə belə cəsarət edirlər… Bəli, bu məqaləmin mövzusu son zamanlar hər gün eşitdiyimiz və şahid olduğumuz intihar hallarıdır.

Elə bir gün olmur ki, o gün xəbərlərdə intihar halları oxumayaq və ya eşitməyək. İntihar edən hər insana görə, intihar hallarının müxtəlif səbəbləri olur: bəzisi kredit borcuna, bəzisi ali məktəbə daxil ola bilmədiyinə, bəzisi ailədaxili münaqişələrə, bəzisi sevdiyi insandan ayrıldığına görə və s. Bunun səbəblərini daha da artıra bilərik. Ancaq səbəbi hər nə olursa-olsun, nəticə etibarı ilə, bir cinayət törədilir – insan öz canına qəsd edir.

İntihar halları yalnız Azərbaycanın deyil, bütün dünyanın narahat olduğu çox ciddi problemdir. Hətta Dünya Psixiatriya Assosiasiyası XXI əsri depressiya və intiharlar əsri adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsinə görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il bir milyon insan həyatını itirir. Onların 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir. Statistikaya görə, Amerikada hər gün təxminən 105 nəfər intihar edərək həyatına son verir.

Yuxarıda intihar ilə bağlı verdiyim məlumat bilinən rəqəmlərdir, cəmiyyət tərəfindən intihar utandırıcı hal kimi qəbul edildiyinə görə çox vaxt ailələr belə halları gizlədirlər. Digər tərəfdən, hələ intihar etməyə cəhd etməmiş, ancaq ağlında intiharı planlaşdıran, həyatdan bezən, intihar edib ölməmiş, ancaq problemlərindən qurtula bilməyən yüzlərlə, minlərlə insan var. Bu insanlar da uyğun şərait tapanda öz həyatlarına rahatlıqla qəsd edə bilərlər…

İntiharların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bununla bağlı maarifləndirmə işləri aparılır, psixoloqlar kömək etməyə çalışır, qaynar xətlər yaradılır və s. Ancaq bu cür tədbirlər köklü şəkildə məsələni həll etmir, demək olar ki, hər gün intihar halları daha çox artır. Necə olur ki, bir insan öz canına qəsd edə bilir? Dünyada elə bir problem varmı ki, onu aşa bilməyəsən? İntiharların qarşısını necə almaq olar?

İntihara aparıb çıxaran ən əsas amillərdən biri insanların yaşadığı sevgisizlik, ümidsizlik, peşmançılıq və məqsədsizlikdir. Psixoloji məsləhət və ya yardım xətləri bir insanı müəyyən müddət fikrindən döndərsə də, ona lazım olan ümidi və yaşamaq sevincini vermir. Beləliklə, bu gün intihardan imtina edən insan ən kiçik depressiyada yenidən intihara əl atır. İnsana ehtiyacı olan ümidi və məqsədi verməyin tək yolu onun sonlu olmadığını göstərməkdir. Əgər bir insan dünyada fani olduğu düşünürsə, etdikləri əməllərə görə axirətdə hesaba çəkiləcəyini bilmirsə, ona sonsuz nemətlər bəxş edən, ona şah damarından daha yaxın olan Allahı tanımırsa, əlbəttə ki, o insan həm ətrafındakı insanların canını, həm də öz canını heç qorxmadan və rahatlıqla ala bilər.

Yuxarıda da qeyd etdiyim kimi, hər şeydən öncə, insan Allahın yaratdığı çox üstün varlıqdır. İnsanı Allah yaradıb və Allah da insanın sahibidir. İnsanın özünə aid olduğunu düşünüb qıydığı can da Allaha məxsusdur və Allahın bizə əmanətidir. Ona görə də intihar etmək Allahın verdiyi cana qıymaqdır, çox böyük günahdır. Allaha inanan hər bir insan belə davranışdan mütləq çəkinməlidir. Digər tərəfdən, Allah insanı bu dünyaya imtahan olunmaq üçün göndərib. Dünyada hər bir insan imtahan olunur. Ancaq Allah heç kəsə daşıya biləcəyindən artıq yük yükləməz, həm də Allah yaratdığı hər bir hadisəni xeyirlə yaradıb. Biz həmin an o xeyiri görməyə bilərik. Allaha inanan bir insan Allaha güvənməlidir. Məsələn, istədiyi ali məktəbə girə bilməyən insan, yenidən yaxşı hazırlaşıb bəlkə növbəti il daha faydalı yerə daxil olacaq. Bunun kimi misalları daha çox artırmaq olar. Əsas odur ki, hər şeyi Allahın yaradığını bilib Ona təslim olmaqdır.

Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

Digər tərəfdən, biz bu dünyada məqsədsiz yaşamamalıyıq, bizim tək məqsədimiz var: Allahın rizasını qazanıb sonsuz axirətdə Cənnətə layiq olmaq, inşaAllah. Qüsurlarla dolu bu dünya bizim əsl yurdumuz deyil. Bir sözlə, intiharların qarşısını almağın tək yolu insanlara onu yaradan, ona çox mərhəmətli və şəfqətli olan Allahı tanıtmaq, dünyada məqsədsiz olmadığını xatırlatmaq, yaşadığı çətinliklərin imtahan olduğunu və əsl yurdunun axirət olduğunu bildirməkdir.

Nərmin Kərimzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş