www.derinbilgiler.net » Məqalələr » İmani » Bağışlanmaq istəməzsinizmi?!

 
 
 


Bağışlanmaq istəməzsinizmi?!

Müəllif: Terish Tarix 11-07-2015, 13:26, Baxılıb: 425

0
Bağışlanmaq istəməzsinizmi?!


Bir insanın ən gözəl xüsusiyyətlərindən biri də, sözsüz ki, bağışlayıcı olmasıdır. Biz də ətrafımızda həmişə mərhəmətli, səhvlərimizə anlayışla yanaşan və yeri gəldikdə bizi bağışlayan insanların olmasını istəyirik. Çünki dünyada xətasız insan yoxdur, heç vaxt da ola bilməz. Səhv etmək insana məxsus xüsusiyyətdir. Bir insan nə qədər mükəmməl olmağa çalışsa da, bu, mümkün deyil. Allah, xüsusilə, acizliyimizi bilək və insanlara qarşı mərhəmətli olaq deyə bizi qüsurlu yaradıb, yəni ömrümüz boyunca səhv etmədən yaşaya bilmərik.

Bəzi insanlar da var ki, özləri nə qədər xəta etsələr də, öz xətalarını görməzlikdən gəlir, həmişə digər insanların xətaları ilə məşğul olurlar. Özləri kiminsə səhvini bağışlaya bilmir, ancaq etdikləri xətaların bağışlanmasını və görməzlikdən gəlinməsini istəyirlər. Bəs bu, nə qədər doğrudur?

Sualıma son günlərdə baxdığım və çox təsirləndiyim “Unbroken” (Məğlubedilməz, 2014) adlı bir film ilə cavab vermək istəyirəm: baş rolda oynayan Luiz adlı oğlan yaşadığı bütün çətinliklərə və işgəncələrə baxmayaraq, üstün əxlaqın bağışlamaq olduğunu başa düşür. “İnancından güc alan Luiz irəliyə aparan yolun intiqam almaq deyil, bağışlamaq olduğunu anladı” sözləri ilə film yekunlaşır. Hətta sonra ona işgəncə verən insanlarla görüşərək onları bağışladığını ifadə edir. İnsanların cüzi xətaları bağışlaması çətin deyil, ancaq filmdə o qədər işgəncələrə baxmayaraq, bir insanın bu cür xətaları bağışlamasını heyrətlə qarşıladım və tanımadığım halda, əsərin baş qəhrəmanına qarşı qəlbimdə sevgi yarandı. Bu arada, qeyd etmək istəyirəm ki, film, həqiqətən də baş vermiş real hadisə əsasında çəkilib.

Necə ki, filmdə tanımadığım halda bir obrazın bağışlayıcı olması məndə o obraza qarşı sevgi yaratdısa, bu, real həyatda da belədir. Çünki Allahın ən çox sevdiyi xüsusiyyətlərdən biri də bağışlamaqdır və Allah bu xüsusiyyəti bizə də sevdirib. Həyatımıza səmimi olaraq ümumi nəzər salsaq, nə qədər günah və xətalarımızın olduğunu görə bilərik. İlk öncə, insan özü çox aciz və xətalı varlıqdır, Allahdan bağışlanmaq istəyir. Bəs necə ola bilər ki, bağışlanmaq istədiyi halda, bəzi insanlar çox cüzi xətaları bağışlaya bilmirlər. Beyinlərini o xətalarla məşğul edirlər: zehinlərində onlara qarşı səhv edən insanları asıb-kəsir, yaxud da intiqam alaraq rahatlayacağını düşünürlər. Ancaq bu düşüncə yanlışdır, insan bağışlayanda, mərhəmət hissləri ilə davrandıqda içi rahat və hüzurlu olur. Hətta bir insan nə qədər haqlı olsa da, o vəziyyətdə belə Allah üçün bağışlamağı bacarmalıdır. O zaman qəlbində çox dərin hüzur, sevinc və rahatlıq hiss edər, Allahın da rəhmətini ümid edə bilər. Çünki bizim fitrətimiz sevgi, fədakarlıq, mərhəmət, dostluq və şəfqət üzərində qurulub. Birinə nifrət etmək, kin bəsləmək hər kəsdən əvvəl o hissləri qəlbində saxlayan insanın özünə ziyandır. Bağışlamaq isə eynilə o insanın özünə faydalıdır. Çünki Allahın bizdən də istədiyi əxlaq budur – bağışlayıcı olmaq. Allah Quran ayələrində belə buyurur.

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah zəngindir, Həlimdir. (Bəqərə surəsi, 263)

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)

Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir. (Nur surəsi, 22)

Ülviyyə Əlizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş