www.derinbilgiler.net » Məqalələr » İmani » Ateizmin haqsız vicdan tələbi

 
 
 


Ateizmin haqsız vicdan tələbi

Müəllif: Terish Tarix 6-07-2015, 13:59, Baxılıb: 357

0
Ateizmin haqsız vicdan tələbi


Ateistlər çox vaxt baş verən hadisələrə qarşı öz inanclarına uyğun olmayan reaksiyalar verirlər. Onların bir çoxu hər hansı bir haqsızlıqla qarşılaşdıqda qarşı tərəfdən vicdanlı davranmağı tələb edirlər. Bu məqalədə bu mövzudan bəhs etmək istəyirəm. Bir ateistin vicdan tələb etməsinin haqlılıq payı nə qədərdir?
Ateizmin batil din olduğunu nəzərə alsaq, ateistlərin çox vaxt sabit inanc və davranış göstərmədiyini görərik. Ateistlərin göstərdiyi inanclarına uyğun olmayan davranışlardan birinə nəzər salaq: ateistlər onlara toxunan hadisələr baş verdikdə ortaya çıxıb camaatdan vicdanlı davranmağı tələb edirlər. Diqqət edək, materialist dünyagörüşlü ateistlər haqsızlıq olduqda hadisələrə materialistcə yanaşmaq əvəzinə, vicdan tələb edirlər. Yaxşı, bəs vicdan nədir? Vicdan Allahın ilhamı deməkdir. Yəni insanı içində doğruya yönəldən səsə vicdan deyilir. Vicdan birmənalı olaraq Allahın ilhamıdır, insanı daim doğruya yönəldən ilahi səsdir. Halbuki materializmə görə, vicdan absurd anlayışdır. Materializmdə vicdan deyilən bir şey yoxdur və materialist inaclı bir ateistində insanlardan vicdan tələb etməsi absurddur. Çünki ateizmin əsası olan təkamül fərziyyəsinin (heç bir elmi əsası olmayan) iddialarına görə, təbiət mübarizə meydanıdır və təbiətdə canlılar arasında sağ qalmaq uğrunda amansız mübarizə gedir. Təkamül fərziyyəsinə görə, insan heyvandan təkamül edib, cəmiyyətisə bir növ modern cəngəllikdir. Bu səbəbdən insanlar bir-birləri ilə mübarizə aparmalı və bir-birini əzməlidirlər. Təbii seçmə mexanizminin əsası olan bu amil güclü fərdlərin zəifləri əzməsinə əsaslanır. Təbii seçmə nəticəsində də zəif olanlar ölməlidirlər və bu, normaldır, hətta vacibdir. Təkamül fərziyyəsinə görə, hər bir fərd eqoist olmalı, sağ qalmaq üçün özünü, öz mənfəətlərini düşünməli və bu mübarizə meydanında zəifləri əzmək bahasına olsa belə önə keçmək üçün hər şeyi etməlidir. Nəinki zəifləri əzmək bahasına… bu proses onsuzda təbii şəkildə baş verir.

Biz "təkamül fərziyyəsini mənimsəyən hər bir fərd eqoist olur, nəticədə insanlar bir-birini əzir, vəhşi bir cəmiyyət ortaya çıxır, ədalətsizliklərin qaynağı darvinizmdir” dediyimiz təqdirdə bir qism insanlar təkamül fərziyyəsinin belə bir iddiasının olmadığını deyir, bu fikirləri özümüzdən uydurduğumuzu bildirirlər. Halbuki başda Çarlz Darvinin və digər təkamülçülərin kitablarını oxuyan hər kəs dünyadakı bu qədər problemin qaynağının darvinizm olduğunu çox açıq şəkildə görə bilər. Ateizmin, təkamülün mahiyyətini qavramayan ateistlər bu fikirlərin təkamüllə əlaqəsini görə bilmirlər. Lakin bunları əsassız şəkildə təkzib edən ateistlərə dediklərimizin doğru olduğunu onların çox yaxşı tanıdıqları və bugünkü dövrün ən tanınmış təkamülçüsü və ateisti olan Richard Dokinzin dilindən bir nümunə ilə qeyd edim. Müsahibələrindən birində Dokinz bu sözləri deyir: "Orada istifadə etdiyiniz bir qəlib xoşuma gəldi. İçində yaşamaq istəyə biləcəyimiz bir növ cəmiyyətdən bəhs etdiniz. Sizə onu deyə bilərəm ki, darvinist prinsiplər üzərində qurulmuş bir cəmiyyət mənim yaşamaq istəməyəcəyim cəmiyyətdir. Bu, bərbad bir cəmiyyət olardı. Darvinist bir dünyada yaşamaq istəmərəm. Təbiətin dünyası darvinist bir dünyadır və bu, çox çirkin bir dünyadır. Bütün tərəfləri ilə çirkin bir dünyadır, bizim yaşamaq istəyəcəyimiz bir dünya deyil. Məhz bu səbəbdən, gəlin, bu dünyanı elə anlayaq ki, yaşamaq istəyəcəyimiz bir cəmiyyət inşa edək. Bu, darvinizmin olmadığı bir cəmiyyət olacaqdır. Darvinist prinsiplərdən tamamilə uzaq bir cəmiyyət olacaqdır. Darvinist prinsiplərə əsaslanan bir cəmiyyət varlının kasıbı əzdiyi, vəhşi, sərbəst bazar iqtisadiyyatının hakim olduğu bir cəmiyyət olacaqdır ki, bu, əsasən liberal-sosialist cəmiyyətin tam əksi olan bir cəmiyyət olacaqdır.“
Müsahibənin videosuna internetdən asanlıqla baxa bilərsiniz. Dokinzin də səmimi etiraf etdiyi kimi, darvinist prinsiplərin hakim olduğu bir cəmiyyətdə kimdənsə ədalət, mərhəmət, vicdan və s. kimi xüsusiyyətər tələb etmək mənasızdır. Təsəvvür edin ki, biz məktəbdə uşağı təkamül fərziyyəsi ilə və darvinist prinsiplərlə materialist bir şəkildə böyüdürük. Ona eqoist olmağını, sadəcə özünü və şəxsi mənfəətlərini öndə tutmağını, ucalmaq üçün lazım gələrsə hamını əzməsinin vacib olduğunu öyrədib cəmiyyətə buraxırıqsa, sabah o uşaq hansısa vəzifəyə, mövqeyə sahib olduqda nə üçün və hansı səbəblə başqalarına kömək etməli, ədalətli olmalı, vicdanlı davranmalı, mənfəətlərini deyil, insanların həyatını düşünməli, ucuz və keyfiyyətsiz yox, möhkəm materiallar istehsal etməli, yaxud haqqı olmayan pulu mənimsəyib insanların həyatını təhlükəyə atan işləri görməməlidir? Bu prinsiplərlə böyüyən bir insan nə üçün, hansı məntiqlə və hansı səbəblə sadaladığım və bugün şikayətçi olduğumuz o davranışları etməsin ki? Hətta o ideologiyadakı insanın vicdanlı davranmağı anormal və mənasız olar. Çünki təkamül fərziyyəsinə görə, vicdan deyilən anlayış lazımsız bir şeydir. Yəni təbii seçmənin gərəyi olaraq güclünün zəifi əzməsinin hakim olduğu, doğru olduğu, ağıllı sayıldığı bir mühitdə öz mənfəətlərinin əksinə olaraq başqalarının yaxşılığı üçün, zəiflərin müdafiəsi üçün vicdanlı davranmağın bir mənası ola bilərmi? Təbii ki, yox. Darvinist bir cəmiyyətdə vicdanlı davranan adam axmaq adam hesab edilir, öz mənfəətlərini güdən, eqoistcə sırf özünü düşünən adam isə ağıllı adam sayılır. Riçard Dokinzin də qeyd etdiyi kimi, təkamül fərziyyəsinin əsası budur.
Ateizmin əsası təkamül fərziyyəsidir. Dolayısı ilə bugün bir təkamülçü ateist öz mənfəətləri üçün vicdansız davranan birindən vicdan tələb edirsə, bu, çox anormal görünür. Sən ateistsənsə, təkamül fərziyyəsinin doğruluğunu müdafiə edirsənsə, hansı əsasla cəmiyyətdə gedən təbii seçmə prosesinin gedişatına, yəni zəiflərin əzilməsinə etiraz edir və bunu vicdansızlıq adlandırırsan? Axı sən ateistsən və sənin inancına görə bu proses olmalıdır, təbii seçmə prosesinin bir hissəsidir və normaldır. Yəni gördüyümüz kimi, ortada qəribə bir vəziyyət varki, bunun da bir neçə səbəbi ola bilər. Bu cür davranış göstərən ateistləri bir neçə qrupa bölə bilərik.
Birinci qrupa aid etdiyimiz ateistlər cəmiyyət tərəfindən təzyiq görməmək, müəyyən dərəcə nüfuz əldə etmək üçün güya mərhəmətə, şəfqətə və s. önəm verdiklərini göstərmək üçün arabir kamuflaj məqsədli klassik çıxışlar edirlər.
İkinci qrupa isə müəyyən primitiv səbəblərdən dolayı ateist olan, sözdə ateist olsalar da, əslində ateizmin nə olduğunu anlamayan, kökünün nəyə dayandığını bilməyən, ateizmi səthi mənimsəyən, tam olaraq nəyə inanıb nəyə inanmadığını müəyyən edə bilməyənlərdir.
Təkəbbürün ən çox göründüyü üçüncü qrupa aid etdiyimiz ateistlərin isə ateist olma səbəbi nə öz təfəkkürləridir, nədə hansısa bir elmdir. Bu qrup atesitlər sırf dinə qarşıdırlar. Eyni zamanda qatı irqçi olan bu ateistlerdə din düşmənçiliyi olur və onlar bu səbəbdən ateist olurlar. Yəni təkamül fərziyyəsini mənimsəyərək və ya elmi səbəbdən ateist olmurlar (ateizmin heç bir elmi əsası yoxdur). Sırf dinin əleyhinə olduğu üçün ateist olurlar. Normal halda onların çoxu təkamül fərziyyəsinin, materializmin elmi mahiyyətini bilmir, sadəcə dinə qarşı olan hər şeyi kor-koranə radikalca müdafiə edirlər.
Qeyd etdiyim kimi, kateqoriyasından asılı olmayaraq cəmiyyətdən vicdan tələb etmək bir ateist üçün anormal davranışdır. Səmimi davranan ateist öz inancını müdafiə etməlidir. Ateistəm deyərək, özünü insanlara bəyəndirmək üçün cəmiyyətin tələb etdiyi və qəbul etdiyi normaları göstərmək isə sadəcə insanları aldatmaq məqsədi daşıya bilər.
Əgər həqiqətən bir ateist insaların vicdanlı olmasını, bir-birinə yaxşılıq etməsini, varlının kasıbı əzməməsini, ümumiyyətlə zəiflərin əzilməməsini, insanlar arasında eqoizmin yox mərhəmətin, şəfqətin hakim olmasını istəyirsə, ilk növbədə təkamül fərziyyəsini səmimi şəkildə mühakimə etməli, sorğulamalıdır. Təkamül fərziyyəsini səmimi şəkildə araşdıran və onun heç bir elmi əsasının olmadığını görən hər kəs bunu çox rahatlıqla qəbul edəcəkdir. Vicdanlı, şəfqətli, mərhəmətli olmaq, insalara yaxşılıq etmək, öz eqosu üçün deyil, insanların yaxşılığı üçün çalışmaq və bu kimi yüksək dəyərlər İlahi Dinlərdə olan gözəl əxlaq nümunələridir. Bu əxlaqi xüsusiyyətləri mənimsəyən bir insanın ateist olması üçün artıq heç bir səbəb qalmır.

Savalan Məmmədli

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş