www.derinbilgiler.net » Məqalələr » İmani » Allah hər yerdədir

 
 
 


Allah hər yerdədir

Müəllif: Admin Tarix 12-12-2011, 03:14, Baxılıb: 1122

0
Allah hər yerdədir


Bəzi insanlar özlərini, maddəni, ətraflarında gördükləri dünyanı mütləq varlıq hesab edirlər. Allahı isə (Allahı tənzih edirik) bu mütləq maddəni əhatə edən xəyal kimi düşünür və ya Allahı gözləri ilə görmədikləri üçün: “Hər halda, Allah bizim görmədiyimiz bir yerdə, kosmosda və ya göydə uzaq yerdədir”, - deyirlər (Allahı tənzih edirik). Bu fikirlərin hamısı yanlışdır.

Çünki Allah sadəcə göydə deyil, hər yerdədir. Tək mütləq varlıq olan Allah bütün kainatı, insanları, yeri, göyü, hər yeri əhatə etmişdir və Allah bütün kainatda təcəlli edir. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v.) Allahın göydə olduğunu söyləyən şəxsə doğru dediyini bildirmişdir. Ancaq bu rəvayət Allahın hər yerdə olduğu faktına zidd deyil. Çünki dünyada sizin olduğunuz yerdəki bir nəfər əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, cənub qütbündə başqa bir insan eyni şəkildə Allaha üz tutsa, şimal qütbündə də bir insan əllərini göyə qaldırsa, Yaponiyada, Amerikada, Ekvadorda bir insan əllərini göyə qaldıraraq Allaha üz tutsa, bu təqdirdə, hər hansı məkandan bəhs etmək mümkün deyil. Kainatın və kosmosun müxtəlif yerlərindəki cinlər, mələklər, şeytanlar da üzlərini göyə tutub dua etsələr, hər hansı sabit göydən və ya istiqamətdən bəhs etmək mümkün olmaz, çünki bu vəziyyət bütün kainata aid olar.

Bunu da unutmaq olmaz ki, Allah zamandan və məkandan asılı deyil. Allahın Zatı başqadır. Allahın təcəlliləri isə hər yerdədir. Bir insan bir otağa girib: “Burada Allah yoxdur”, - desə, Allahı inkar etmiş olar. Allahın təcəlliləri, o otaq da daxil olmaqla, hər yerdədir. Siz haraya çevrilsəniz, Allahın təcəllisi oradadır. Allahın hər yeri əhatə etdiyi, bizə şah damarımızdan yaxın olduğu, üzümüzü haraya çevirsək, Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Allah “Bəqərə” surəsinin 255-ci ayəsində: “... Onun Kürsüsü göyləri və yeri əhatə edir...”, - deyə bildirir. “Hud” surəsinn 92-ci ayəsində isə: “... Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir”, - deyilərək Allahın insanları da, əməllərini də əhatə etdiyi bildirilir.

Quranda da açıq şəkildə bildirildiyi kimi, Allah təkcə göydə deyil. Allah hər yeri əhatə etmişdir. Bu məlumat bizə Quran vasitəsilə bildirilir. Maddənin ardındakı sirr ilə bağlı həqiqətin izah edilməsi isə insanların bu ayələri daha yaxşı anlamasına və qavramasına səbəb olar. Maddənin mütləq varlıq olmadığını anlayan insanlar Allahın hər an hər yerdə olduğunu, hər an onları gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və onlara şah damarlarından daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyini dərk edər.

Mövzu ilə bağlı Quran ayələri

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”, – demişdik. Sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. (İsra surəsi, 60)

Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək. (Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 93-94)

Hələ ələ keçirə bilmədiyiniz başqa qənimətlər də (vardır). Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir. (Fəth surəsi, 21)

Allah (onları) arxadan əhatə etmişdir. (Buruc surəsi, 20)

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir. (Ənfal surəsi, 47)

O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir. (Hud surəsi, 92)

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.