www.derinbilgiler.net » Məqalələr » Elmi » Gözdən əlil insanlar üçün sonar əsa

 
 
 


Gözdən əlil insanlar üçün sonar əsa

Müəllif: Admin Tarix 29-11-2017, 04:18, Baxılıb: 39

0
Gözdən əlil insanlar üçün sonar əsa

Yarasalar gözdən əlil insanların istifadəsinə təqdim ediləcək titrəyişli əsaların istehsalına ilham qaynağı oldu. Oxşar prinsiplərə əsasən işləyən təyyarə nəzarət sistemlərinin inkişaf etdirilməsi də planlaşdırılır.

Olduqca yüngül olan elektron əsa insanın eşidə bilməyəcəyi intervalda səs dalğaları yayır və üç metr diametrindəki obyektlərin üçölçülü xəritəsini çıxarır. Yolda maneə ilə qarşılaşdıqda əsa bunları qəbul edir və əl tutan hissədəki düymələri titrədərək gözdən əlilliyi olan sahibini xəbərdar edir. Məhsulun dizaynı Lids Universitetindən tədqiqatçı və yarasalar üzrə mütəxəssis Din Uotersə (Dean Waters) aiddir. Uoters bu vaxta qədər təxminən 25 gözdən əlil insan üzərində sınaqdan keçirilən əsanın olduqca müvəffəqiyyətli olduğunu bildirir.1

Əsa saniyədə 60000 səs titrəyişi yayır və qayıdan səs dalğalarını qəbul edir. Əsa üzərindəki düymələr də gözdən əlil istifadəçinin ultrasəs dalğalarının gücünü “hiss etməyi”ni təmin edir. Sürətli və güclü siqnal obyektin yaxında olduğu mənasına gəlir.2

Zooloq Uoters fəaliyyətlərinə maraq cəlb edə bilmək üçün Böyük Britaniyanın Mançester şəhəri yaxınlığındakı Salfordda reallaşdırılan elm sərgisində maraqlı bir nümayiş təqdim etdi. Bu nümayişdə yarasanın sonar sistemini insan qulağına uyğunlaşdıran naviqator sistemi insanların virtual reallıq aləmində obyektlərin yerini təyin etməsi üçün istifadə edildi. Məqsəd döyüş təyyarəsi pilotları üçün bəzi nəzarət sistemlərini eşitmə duyğuları ilə idarə etmələrinə şərait yaradacaq sistemlər yaratmaqdır. Beləcə, pilotlar gözlərini digər işlər üçün sərbəst buraxa biləcəklər.

Uoters: “Avtomobil sürərkən spidometrə və yola eyni vaxtda baxa bilməzsiniz. Amma eyni əsnada radio dinləyə bilərsiniz”,-deyir.3

İnsanlar yarasadakı yüksək tezlikli səs dalğalarını yaya bilmədikləri üçün Uoters yarasalara aid naviqasiya səsləri göndərən və bunların tezliyini insanın eşitmə intervalına uyğunlaşdıran virtual sistem qurdu. Qulaqcıq taxdığı insanları bir otağa saldı və onlardan sadəcə naviqasiya səslərindən istifadə edərək virtual həşəratı ovlamalarını istədi. İnsanlar hədəflərini yarasa səsləri ilə taparkən daha müvəffəqiyyətli oldular, nəinki maqnitofon kimi bir səs mənbəyini tapmaqda. Bu fərqlilik yarasa çığırtısının üçölçülü mühitin xəritəsini çıxarmaqda daha qabaqcıl olmasından irəli gəlir.

Yarasanın çığırtıları qısa dalğada olduğu üçün əks-səda kəskin surətdə geri qayıdır. Bunlar, həmçinin enlizolaqlı quruluşdadırlar, yəni həm yüksək, həm də aşağı tezliklərdə məlumat ehtiva edir. Beləcə, yarasalar səsin yerini daha effektiv formada təyin edə bilir. Bundan başqa, yarasalar hədəflərinə yaxınlaşdıqca səslərini dinamiki cəhətdən dəyişdirirlər, yəni bir cismə yaxınlaşanda daha qısa dalğada çığırtı yayırlar.

Həm sonar əsa, həm də virtual naviqasiya sisteminin qaynağı yarasalardakı bu üstün ovlanma sistemidir. Bu vəziyyət yarasalarda mükəmməl işləyən bir dizayn olduğunun və bunun ən son texnologiyaya ilham qaynağı olacaq qədər üstün olduğunun da bir göstəricisidir.

Sonar əsaya baxdıqda bunun müəyyən bir məqsədlə hazırlandığını görürük. Müəyyən detalların səs yaymaq və bunların əks-sədalarını qəbul edərək cisimlərin yerini təyin etmək üçün xüsusi olaraq quraşdırıldığını görürük. Bu xüsusiyyətlər sonar əsaya ilham qaynağı olan yarasada eynilə mövcuddur. Yarasanın sonar sistemi gecələr ovlanan və ətrafını görə bilməyən bu canlıya şikarının yerini müəyyənləşdirməkdə faydalı olan və qulaq, beyin kimi orqanların koordinasiya ilə işləyən mükəmməl bir orqandır. Mühəndislər yarasadakı sonar sistemini nümunə götürdükləri halda, yarasa bunu başqa canlılardan nümunə götürüb öz bədənində inkişaf etdirməmişdir. Sonar əsadakından daha kompleks bir dizayna malik bu orqanın şüurlu şəkildə tərtib edildiyi açıq həqiqətdir. Allah yarasanı yoxdan yaratmışdır. Allah bir Quran ayəsində belə bildirir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

İqtibaslar:
1. Joanne Baker, “Sonar cane helps blind navigate”, Nature Science Update, 9 sentyabr 2003, http://www.nature.com/nsu/030908/030908-2.html
2. Joanne Baker, “Sonar cane helps blind navigate”, Nature Science Update, 9 sentyabr 2003, http://www.nature.com/nsu/030908/030908-2.html
3. Emily Singer, “Bat echoes used as virtual reality guide”, 14 sentyabr 2003, NewScientist.com xəbər saytı, http://www.newscientist.com/news/news.jsp?id=ns99994165

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.