www.derinbilgiler.net » Məqalələr » Elmi » Zamanda səyahət

 
 
 


Zamanda səyahət

Müəllif: Terish Tarix 14-11-2016, 11:06, Baxılıb: 375

0
Zamanda səyahət



Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım. Təmizləmə əməliyyatı zamanı əlimə orta məktəbin son illərində istifadə etdiyim 2-3 qeyd dəftəri düşdü. Köhnəlmiş dəftərçədən o dövrə aid bəzi qara qələm əl işlərimi və bəzi cızma - qaralarımı tapdım. Cızma – qara dediyim o vaxt yazdığım yarımçıq bir roman və bir neçə hekayə idi. Yarımçıq romanı oxumağa səbrim çatmadı sadəcə göz gəzdirdim, amma hekayələrin hamısını yenidən oxudum. Qəribə hiss idi. İnsan uzun illər sonra o dövrdəki abu - havasına, o dövrdəki düşüncə tərzinə, o dövrdəki daxili aləminə qayıdır. Sətirləri oxuduqca o dövrdə içində olduğum sosial – psixoloji vəziyyəti eyni ilə xatırlayır, o dövrdə beynimdə olan planları, düşüncələri indi də o dövrdəki kimi canlandıra bildim. Bu, həqiqətən də, çox gözəl hiss idi. Bu təcrübə mənə eyni zamanda bir təfəkkür üçün də vəsilə oldu.

Özümün illər əvvəlki qorxularımı, ideallarımı, arzularımı, hədəflərimi, insanlara, dünyaya baxışımla indiki halımı çox açıq şəkildə müqayisə etmək üçün fürsət yarandı. Sanki o sətirlər zamanda geriyə getməyimi təmin etdi. Çünki illər əvvəl o sətirləri yazarkən nə düşünürdümsə, necə dəyərləndirmələr aparırdımsa, nə duyğular keçirirdimsə hamısını eyni ilə xatırladım və sanki yenidən yaşadım. Bu təcrübəni zamanda səyahət etmək kimi qəbul etmək olar. Bu “səyahət” vəsiləsi ilə özümdə olan dəyişikliyi çox yaxından müşahidə edə bildim. Normal halda bu mövzuya səthi yanaşıb adi təfəkkürlə üstündən az keçməmişəm. Amma bu dəfə sanki o örnək verdiyim müqayisəni özüm yaşamış oldum. Bəs bu “zamanda səyahət” mənə nəyi öyrətdi?

Bir çox incə məqamları xatırlamağımı və dərin təfəkkür etməyimi öyrətdi. Bu “səyahət” mənə eyni zamanda təlimin nə qədər əhəmiyyətli olduğunu öyrətdi. Bir insanın Allaha iman edib, Ona sonsuz güvənib təslim olmaqla necə dəyişə biləcəyini, öz üzərində necə işləyib inkişaf edə biləcəyini, xarakterini necə təkmilləşdirə biləcəyini öyrətdi. Və bu nümunə eyni zamanda Allaha qarşı yetəri qədər səmimi olunduğunda bir insanın ömrünün sonuna qədər Allah tərəfindən necə təlimə tabe tutulub, yetişdirilə biləcəyini düşündürdü. Bütün bu xülasə olaraq qeyd etdiyim məqamları xırdalıqları ilə təfəkkür etmək insanda gözəl bir həyəcan və şövq yaradır.

Təmsili olaraq verdiyim “zamanda səyahət” anlayışı mənə eyni zamanda zaman – məkan əlaqəsini xatırlatdı. Zaman necə məkana və şərtlərə görə dəyişkənlik göstərə bilirsə, maddə də zamana görə dəyişkənlik göstərir. Yəni illər əvvəlin real fiziki mühiti indi sadəcə bir görüntü olaraq mənim beynimdədir. İndi o maddi gerçəklik yoxdur, sadəcə hafizəmdə maddi adlandıra bilməyəcəyimiz bir xatirədən ibarətdir. Necə ki müəyyən müddət sonra mənim hal-hazırda bu sətirləri yazdığım real fiziki vəziyyət maddi olaraq mövcud olmayacaq. İndi mənim maddə dediyim, real fiziki mühit müəyyən müddət sonra mövcud olmayacaq, sadəcə hafizəmdə bir görüntü olaraq qalacaq. Qısa olaraq desəm, həyatımızı maddi aləmin qanunlarına uyğun qurmaq doğru olmaz. Çünki, əslində, özü həqiqi mənada mütləq olmayan aləmin hansı qanunları həqiqət ola bilər?

Varlığımızla bağlı, özümüzlə bağlı, dünyanın, hər şeyin gerçək mahiyyəti ilə bağlı yenidən düşünməliyik, həyatımızı yenidən gözdən keçirməliyik. Mən dediyimiz varlığın kim olduğunu, nədən ibarət olduğunu, necə və nə üçün ortaya çıxdığını və məqsədini araşdırmalıyıq. Bu sualların cavabını tapmadan yaşamaq maddi aləmi mütləq zənn etmək qədər böyük bir aldanış olacaqdır.

Savalan Məmmədli

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş