www.derinbilgiler.net » Məqalələr » Elmi » Ateizmin xarakter inkişafındakı mənfi rolu

 
 
 


Ateizmin xarakter inkişafındakı mənfi rolu

Müəllif: Terish Tarix 3-11-2015, 12:29, Baxılıb: 319

0
Ateizmin xarakter inkişafındakı mənfi rolu

İnsanlar müxtəlif xarakterlərə sahibdir. Xarakater dediyimiz anlayış isə insanların yaradılışdan gələn, fitrətən sahib olduqları xüsusiyyətlərin, uşaqlıqda məruz qaldığı təsirlərin, böyüdüyü şəraitin, ətraf mühitin, ailəsinin, təhsilinin göstərdiyi digər təsirlərin nəticəsində formalaşan davranış üslublarının toplusudur.

İnsaların davranışlarını müəyyən edən xarakter dediyimiz bu anlayışa doğru mövqedən yanaşılmadığında fərdi inkişafın qarşısını alan qəlibə çevrilə bilir. Hətta bu sahədə psixologiya elmini tədris edən bəzi mütəxəssilərində böyük rolu var. İnsanları müyyən xarakteristik qruplara ayıraraq bu qrupların “standart” olduğu və xarakterin şüurlu idarə edilə, formalaşdırıla, inkişaf etdirilə bilməyəcəyi vurğulanaraq şüursuz şəkildə, təbii gedişata tabe olmağın lazımlılığı tədris edilir. Bunun da səbəbi təkamül fərziyyəsinin mənfi təsirlərinin psixologiya elmindən də yan keçməməsidir. Təkamül fərziyyəsi artıq süqut etsə də, vaxtı ilə bütün elm sahələrinə maksimum böyük zərər verərək ciddi mənfi təsirlərə səbəb olmuşdur. Eləcə də psixologiya sahəsində yazılmış əsərlərə, tədris vasitələrinə diqqət edilsə, onların böyük əksəriyyətinin təkamül fərziyyəsi prinsiplərinə və artıq doğruluq mahiyyətini itirən bəzi təcrübələrə əsaslandırıldığı görülə bilər.

Bu “elmi” təsirin nəticəsi olaraq təhsil yoluyla, KİV-lərlə, müxtəlif seriallar, filmlər və əyləncə proqramları vasitələri ilə yanlış bilgi əsasında formalaşdırılmış xarakterlərin dəyişməzliyi anlayışı yəni “standart xarakter” anlayışı insanlara fərqində olmadan təbliğ olunur. İnsanlar arasında “standart xarakterin” və ondan qaynaqlanan davranışların bioloji, təbii olduğu fikri formalaşır və qəbul edilir. Bu prinsipə görə insan şüursuz bir varlıqdan, heyvandan törədiyi üçün davranışlarındakı neqativliklər keçmişdən qalan təbii biloji aktlardır və normaldır. Bu düşüncənin kütləvi təsirlərini və zərərlərini də məqalədə qeyd edəcəm. Lakin öncəliklə, bu qeyd etdiyim müşahidə olunan situasiyanın qaynağı olan amillərə diqqət edək.

Bu məsələyə yuxarıda qeyd etdiyim tərzdə yanaşmanın qaynağı təkamül fərziyyəsi, materializm və ateizmdir. Psixologiyaya dair ədəbiyyatları araşdıranlar orada nümunə olaraq təqdim edilən şəxslərin məhz materializmin və ateizmin öndərləri olan qatı darvinist inanclı “alim” lər olduğunu görmüşlərdir. Bu düşüncə tərzinin testlərə, təcrübələrə birbaşa təsiri qaçınılmazdır. Çünki söhbət xarakterlərdən, yəni insanın davranışlarının əsası olan bir anlayışdan gedirsə, bu barədə veriləcək cavablar, təbii ki, insanın mənşəyi ilə birbaşa əlaqəlidir. Psixologiyaya dair ədəbiyyatlarda davranışların mənşəyini göstərmək üçün çox vaxt heyvanların, xüsusilə də, meymunlar və insanların üzərində aparılan müşahidələrdə onların göstərdikləri davranışların müqayisəsi ilə əldə olunan nəticələrə verilən izahlar əsas götürülür. İnsan davranışlarının mənşəyini öyrənmək üçün nə üçün meymunlar üzərində test aparılmalı və bu testin nəticələrinə əsasən insan davranışları şərh edilməlidir? Çünki qeyd etdiyim kimi, təkamül fərziyyəsinin mənfi təsirləri psixologiya elmindən də yan keçməyib. Lakin təkamül fərziyyəsinin elmi olaraq tamamilə yanlış olması,üstəlik elmi kəşflərlə bütün müddəalarının süquta uğraması ilə aparılmış bu cür psixoloji testlərdə doğruluq mahiyyəti qalmır.

Bu cür testlərin xarakter inkişafındakı mənfi təsiri nədən ibarətdir?

Təkamül fərziyyəsi bütün canlıların təsadüfən, təbiətdə baş verən təsadüfi, təbii proseslərin nəticəsində cansız maddələrin birləşib canlılığı yaratdığını və beləliklə, öz-özünə canıların yaranıb sonrada bir-birindən təkamül keçirərək çoxalıb bugünki bütün canlı növlərini yarandığını iddia edir. Lakin təbii ki, 150 illik bu çürük, köhnə fərziyyənin iddiaları elmi kəşflərlə təkzib edilib. Canlıların hər hansı təsadüfi proseslərlə yarana bilməyəcəyi, cansız maddələrin öz-özünə təbii şəraitdə, müdaxilə olmadan birləşərək canlılıq yarada bilməyəcəyi və hər hansı bir canlının bioloji olaraq başqa bir canlıya çevrilə bilməsinin qeyri-mükmünlüyü elmi dəlillərlə dəfələrlə isbat edilib. Ancaq iddianın qaynağında insanın mənşəyinin heyvandan gəldiyi fikri olduğu üçün təkamül fərziyyəsinə inanan psixoloqlar da insan davranışlarındakı kobudluqları, şiddətə meyilliyi və s. bir çox neqativ halları insanın heyvandan gəlməsi ilə əlaqələndirir və bu davranışların normal olduğunu, hər fərdin xarakterinin də bu cür qəbul edilməli olduğunu irəli sürür. Bu səbəbdən də psixologiya elmində xarakterlərlə bağlı hissədə insan xarakterləri sadalandıqdan sonra müəyyən mənfi xarakter nümunələri görünərsə, xarakterin sahibi olan şəxsin yaradacağı zərərin qarşısının alınması istiqamətində də doğru tədbirlər planı hazırlana bilmir. Məsələlərə də ya şiddətə şiddətlə cavab vermək, ya təcrid etmək, öldürmək və s. kimi çarə olmayacaq yanlış həll yollarına əl atılır. Təkamül fərziyyəsinə inanıldığı üçün davranışların mənşəyinin insanın sözdə “mənşəyindən” qaynaqlandığına inanıldığı üçün bu prinsiplə hərəkət edilir.

İnsanlardakı şiddətə meyilliliyin təbii görülməsi, insanların özlərindəki əksikliklərin, problemlərin təbii qarşılanması və şəxsiyyətinin bir parçası olaraq mənimsənilməsi böyük problemlərin əsas səbəbidir. Beləki, insanların öz üzərində işləyib özlərini inkişaf etdirməmələri, stabil xarakter göstərməkdə davam etmələri, davranışlardakı radikallıqların, mənfi, neqativ halların düzəldilməsi istiqamətində cəhd etməmələri bu halların sanki onların təbii xarakteri və şəxsiyyətlərinin bir parçası imiş kimi qəbul edilməsinin kütləvi təsirləri dünyada şiddət tərkibli neqativ halların ortaya çıxmasına səbəb olur.

Hamımızın bildiyi kimi, insanların dilində “mən beləyəm”, “mənim xasiyyətim belədir”, “məni belə qəbul edin” kimi işlədilən ifadələrin “təbii” səbəbi məhz mənim başda qeyd etdiyim standart xarakter formalarıdır. Yəni demək olarki, hər kəs müəyyən bir standart xarakter qəbul edib və özünü bu qəlibin içinə məhkum edib. Buna görə də şəxsiyyətinin xüsusiyyətləri də qəbul etdiyi standart xarakterin sərhədləri qədərdir. Bu düşüncəni qəbul edən insanlarda artıq özünü inkişaf etdirmək, yanlış olanı dəyişdirmək, mənfi keyfiyyətləri atmağa çalışıb daha çox müsbət keyfiyyətlər mənimsəməyə çalışmaq kimi bir meyl olmur. Çünki məqalənin başında qeyd etdiyim yanlış fərziyyələrin mənfi təsirləri səbəbiylə kütlələrdə, həqiqətən də, insanın xarakterlərin onun “mənşəyi” ilə əlaqədər olduğuna inanılır və belə qəbul edilir. Dolayısı ilə insanların özlərini inkişaf etdirə bilməməsinin, ideal insan olmaq üçün çalışmağa cəhd etməməsinin və bundan qaynaqlanan degenerasiya, passivlik, geriləmə cəmiyyətlərin inkişafının qarşısını alan əsas səbəblərdən biridir.

Bəs yaxşı, əslində, doğru olan nədir?

Həqiqət bundan ibarətdir ki, insan heyvandan törəməyib və təkamül etməyib. İnsanı Allah yaradıb. Sahib olduğumuz xarakterlər də sözdə “mənşəyimiz” heyvanlardan gələn xüsusiyyətlərin təzahürü deyil, Allahın yaratdığı və insana fitrət olaraq bəxş etdiyi davarnış formalarıdır.

Yer üzündə yaşadığımız bu müddət, həyat dediyimiz bu gedişat yalnız qısa bir təlimdir. İnsanın yaradılma məqsədi də bu təlimdən keçərək ideal bir insan olmaq üçün lazımi əxlaqi keyfiyyətləri mənimsəməkdir. Bunun üçün Allah həyatımız boyu fərqli-fərqli hadisələr çıxardaraq insanı öyrədir, təlim keçir. Nəticədə də, Allahın, bu dünyanın, öz varlığının fərqində olan, həyatın məqsədini və mahiyyətini anlayan və bu məqsəd üzrə yaşayanlar xarakterlərini inkişaf etdirib ən ideal səviyyəyə salıb sonda hədəflənən əxlaqi keyfiyyətləri qazanmış olurlar.

Bu baxış bucağı ilə baxanda görürük ki, burda artıq “mən beləyəm də, neyniyim”,- deyə bilmərik. Hər insanın xarakteri yaradılışdan fitrətən fərqli dərəcələrdə və formalarda ola bilər. Lakin bu heç kimə bəhanə deyil. Burada olma məqsədimiz də məhz hansı dərəcədəyiksə, o dərəcədə qalmaq deyil özümüzü inkişaf etdirib ən gözəlinə çatdırmaqdır. Bəzi insanlar yaradılışdan səbirli, nəzakətli, doğru danışan xarakterə sahib ola bilərlər, lakin onların da əksik olan başqa yönləri vardır. Səbirsiz biri səbri üzərində, əsəbi biri bu yanlış əxlaqı üzərində və digər əksik hər xarakteri üzərində işləyib onu düzəltməlidir.

Xarakterlər, əslində, standart və dəyişilməz deyil. Şüurlu yanaşaraq, ciddi əzmlə, istəklə, mübarizə ilə dəyişdirilə, inkişaf etdirilə, yüksək keyfiyyətləri artırıla bilər. Bunun üçün də dini ibadətlərdə göstərilən qərarlılıq daha gözəl əxlaqi keyfiyyətlərin qazanılmasında və daim düşünərək,şüurlu,ağıllı davranmaqda ən vacib rollardan birini oynayır.

Görüldüyü kimi, hazırda insanların fərdi inkişafının qarşısını alan “STANDART XARAKTER” anlayışının ideoloji və ortaya çıxma qaynağı ateizm, darvinizm, materializmdir. Lakin bir çox insan bunun fərqində deyil. Çünki ümumi materialist bir həyat tərzi hər yerə hakim olduğu üçün, yəni ortada başqa nümunə olmadığı üçün insanların böyük əksəriyyəti bu xarakterə sadəcə qeyri-ixtiyarı sahib olurlar. Buda öz növbəsində cəmiyyətlərdə inkişafın olmamasına və hər cür neqativ halların təbii qəbul edilməsinə gətirib çıxardır.

Dünyada anarxiyanın, şiddətin və ümumiyyətlə, neqativ halların aradan qalxması, formalaşmaması üçün elmi cəhətdən təkzib edilən ateizm, darvinizm, materializm qaynaqlı ideologiyaların, düşüncələrin tərk edilməsi, dünya səviyyəsində insanların şüurlu yaşaması və daim özlərini inkişaf etdirməsi, dünyanın bələlardan qurtulub sakit, sülh yurduna çevrilməsi üçün Din əxlaqının dünyaya yayılması və mənimsənilməsi lazımdır. Şübhəsiz, gözəl əxlaqı inkişaf etdirməkdə heç bir sərhədin və məhdudiyyətin olmadığı Quran əxlaqının dünyaya yayılmasının gətirəcəyi kütləvi pozitiv təsir indiki ağır vəziyyətdən çox fərqli olacaq.

Savalan Məmmədli

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş