www.derinbilgiler.net » Məqalələr » Elmi » Təkamülə alternativ nəzəriyyə

 
 
 


Təkamülə alternativ nəzəriyyə

Müəllif: Terish Tarix 11-02-2015, 09:48, Baxılıb: 478

0
Təkamülə alternativ nəzəriyyə

Çarlz Darvin 1859-cu ildə “Növlərin mənşəyi” kitabını yayımladığı zaman dövrün demək olar ki, heç bir nüfuzlu alimi kitabdakı fərziyyələri ciddi qəbul etməmişdi. Darvinin təbii seçmə nəzəriyyəsini qəbul etməyən çağdaşları- Riçard Ouen, Qreqor Mendel, Lui Paster kimi daha bir çox məşhur elm adamı xüsusi yaradılışa inanırdılar.

Lakin qısa müddətdə siyasi və ideoloji maraqların himayəyə aldığı təkamül nəzəriyyəsi geniş kütlələrə mənimsədilməyə başlandı. Xüsusilə siyasətə sirayət etmiş “sosial darvinizm” ideologiyası yaşamaq uğrunda mübarizəni, yəni müharibələri təşviq etdiyinə görə, 20-ci əsr diktatura rejimlərinin əlində bayraq olmuşdu. Bu sekulyar, həm də inanca məhəl qoymayan rejimlərin ideoloji əsası da məhz təkamül fərziyyəsi idi. Hakimiyyət illərində milyonlarla insanın öldürülməsindən bilavasitə məsul olan İosif Stalinin: “Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimini”, -sözləri də bu baxımdan çox diqqətçəkəndir.

Bu səbəbdən, əslində, heç bir elmi əsası olmayan təkamül fərziyyəsi ən öndə gedən akademiyalardan məktəb dərsliklərinə qədər nüfuz etməyi bacardı. Lakin necə deyərlər, yalan ayaq tutsa da, yeriməz...

Təkamül nəzəriyyəsinin doğulduğu gündən 20-ci əsrin sonlarına qədər elmdə inanılmaz nailiyyətlərə imza atıldı. Elektron mikroskopun kəşfi ilə hüceyrə çox daha böyük miqyaslarda incələndi, DNT kəşf edildi, fotosintez prosesi elmə məlum oldu, biologiyada, həmçinin paleontologiya, genetika, embriologiya kimi bir çox elm sahəsində daha onlarla mühüm irəliləyişlər əldə edildi. Elə bu uğurlar idi ki, bir neçə ildən sonra təkamülə alternativ nəzəriyyənin əsasını qoyacaqdı. Bu, “Ağıllı dizayn nəzəriyyəsi” idi.

Ümumilikdə, “Ağıllı dizayn hərəkatı” adlanan elmi cərəyan 90-cı illərdən başlayaraq “üsyankar” elm adamları arasında həndəsi sürətlə yayılmağa davam etdi. ABŞ-da kök salmağa başlayan yeni nəzəriyyə sürətlə Qərbə, oradan da şərq dövlətlərinə yayılaraq inkişaf etdi. Xüsusilə Berkli Kaliforniya Universitetinin professoru Filip Consonun yazdığı “Darvin sınaqda” (1991) və amerikalı biokimyaçı Maykl Behenin “Darvinin qara qutusu” (1996) kitabları ilə sarsılan elm gündəmi yeni nəzəriyyənin ortaya qoyduğu yepyeni faktlar və arqumentlərlə həyatın mənşəyinə tam fərqli bir baxış bucağı qazandı.

Beləliklə, bu andan etibarən dünyanın çox müxtəlif nöqtələrindən ağıllı dizayn tərəfdarlarının getdikcə artan sədaları yayılmağa başlayır. İllinoys Universitetindən riyaziyyat üzrə professor Uilyam Dembski və dünyanın fərqli universitet və araşdırma mərkəzlərindən professor Stiven Meyer, astronom Qilyermo Qonsales, bioloq Conatan Uels, Pol Nelson, Duen Giş, Devid Berlinski kimi daha bir çox alim “Ağıllı dizayn” nəzəriyyəsinə töhfələr verən yüzlərlə kitaba, minlərlə məqalə və çıxışlara imza atdılar. Hal-hazırda isə nəzəriyyəni dəstəkləyən alimlərin sayı minlərə çatıb və hər beş qitədə uzun illərdir ki, bu mövzuda konfrans və seminarlar verilir, irimiqyaslı debatlar aparılır, sərgilər keçirilir. Yeni nəzəriyyənin dərsliklərə əlavə edilməsi barədə də ciddi işlər görülür.

Bəzən “Yaradılış nəzəriyyəsi” olaraq istinad edilən “Ağıllı dizayn” nəzəriyyəsinin elmi icmada bu qədər səs gətirməsinin səbəbi olduqca güclü və əsaslı arqumentlərlə ortaya çıxmış olmasıdır. Bu arqumentləri 3 ana maddədə incələyə bilərik:

1. “Ağıllı dizayn” irəli sürür ki, həyatın başlanğıcı, yəni ilk hüceyrənin yaranması təbii proseslərlə izah edilə bilməz. Hələ 19-cu əsrdə fransız bioloq Lui Pasterin məşhur təcrübəsi ilə canlıların cansız maddədən əmələ gəlməsinin imkansızlığı sübut olunmuşdu. O zamandan bəri təkamülçülərin çoxsaylı cəhdlərinə baxmayaraq, “canlı canlıdan gəlir” arqumenti artıq bioloji qanun halına gəlmişdir. Laboratoriyalarda nəinki bir hüceyrə, tək bir zülalın belə təsadüfi yollarla ortaya çıxdığı müşahidə edilməmişdir.

2. “Ağıllı dizayn” irəli sürür ki, təkamül nəzəriyyəsinin iddialarının əksinə, canlılar yer üzündə hər hansı əcdadları olmadan, bir anda ortaya çıxmışlar və ortaya çıxdıqları andan etibarən heç bir dəyişikliyə (təkamülə) məruz qalmamışlar. Həmçinin ixtiyari iki növü bir-biri ilə əlaqələndirən ara keçid formalar da mövcud deyildir. Buna ən yaxşı sübut yaşayan fosillər və “Kembri partlayışı” adlanan fenomendir. Yaşayan fosillər göstərir ki, canlılar milyonlarla il əvvəl hansı formada idilərsə, hal-hazırda da eyni forma və quruluşa malikdirlər. Yaşayan fosillər bu günə qədər 600 milyona yaxın sayda tapılmışdır və heç biri hazırda yaşayan növlərdən fərqlənmir. Bundan təxminən 540 milyon il əvvəl, Kembri dövründə isə 80-dən 100-ə qədər fərqli heyvan tipi (phylum) birdən-birə, heç bir əcdadları olmadan ortaya çıxmışdır. Bu hadisə təkamülçülərin heç bir şəkildə izah edə bilmədiyi açıq bir yaradılış nümunəsidir.

3. “Ağıllı dizayn” irəli sürür ki, canlı orqanizmlərdə elə mütəşəkkil sistemlər mövcuddur ki, bunlar, təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi, tədricən əmələ gələ bilməzlər. Məsələn, insan gözü 40 ayrı strukturun birləşməsindən əmələ gəlib və bu 40 hissədən biri belə olmasa, məsələn, büllur olmasa, insan kor olar. Təkamülçülərin iddiasına görə, insan gözündəki bu strukturlar tədricən, bir-bir üst-üstə yığılaraq formalaşıb. Lakin məsələ burasındadır ki, bu “tədrici inkişaf” əsnasında müəyyən hissələri mövcud olmayan orqan funksional olmaz. Beləliklə, təbii seçmə prinsipinə əsasən, sıradan çıxarılacaqdır. Bu da təkamül nəzəriyyəsinin kompleks orqanların mənşəyinə heç bir məntiqli açıqlama gətirə bilmədiyini göstərir.

Təbii ki, bu elmi nəzəriyyənin daha bir çox subarqumentləri və təfərrüatlı açıqlamaları vardır, lakin bu məqalə ilə vurğulamaq istədiyimiz həqiqət budur ki, təkamül nəzəriyyəsi biologiyanın vaz keçilməzi deyildir. Təkamül nəzəriyyəsinin qarşısında aciz qaldığı çox ciddi suallar mövcuddur və bu sualların sayı gündən-günə, yeni kəşflər və araşdırmalar nəticəsində artmağa davam edir.

Məhz bu səbəbdən də, mənşəyini Şimali Amerikadan götürmüş “Ağıllı dizayn” nəzəriyyəsi artıq on illərdir ki, ABŞ-ın bir çox ştatında müzakirəyə qoyulur və tədris edilir. ABŞ-ın Texas, Missuri, Oklahoma, Luiziana, Tennessi, Kentukki, Nyu-Meksiko kimi ştatlarının tədris mərkəzlərində təkamül nəzəriyyəsinin elmi zəifliklərinin tənqidinə rəsmi olaraq icazə verilmişdir.

2008-ci ildə məşhur aktyor, yazıçı və hüquqşünas Ben Steynin baş rol aldığı “Qovuldu: ağıla icazə yoxdur” (“Expelled: No Intelligence Allowed”) adlı bir sənədli film nümayişə buraxıldı. Filmin mövzusu ağıllı dizayn nəzəriyyəsi ilə təkamül nəzəriyyəsi arasındakı elmi qarşıdurmalar və bu qarşıdurmaların qurbanları idi. Müxtəlif universitet və araşdırma mərkəzlərinin bir sıra qovulmuş alim və elmi işçilərindən alınan müsahibələr göstərirdi ki, bu insanlar sırf “Ağıllı dizayn” nəzəriyyəsinin təkamülə alternativ ola biləcəyini dediklərinə, hətta buna sadəcə eyham vurduqlarına görə işlərindən qovulmuşlar. Bu, təkamülçülərin öz nəzəriyyələrinə nə dərəcədə gözübağlı və diktatura səviyyəsində bağlı olduqlarını göstərirdi. Belə ki, təkamül nəzəriyyəsini müdafiə edən qurumların bir çoxu tənqidlərə, mühakimələrə, əks-fikirlərə qarşı tamamilə qapalı və aqressiv yanaşmalar sərgiləyirlər. Belə olduğu halda, təbii ki, bir çox alim məcburən, işlərini əldən buraxmamaq üçün təkamülü müdafiə etmək yolunu seçəcəklər. Filmin sonunda Ben Steyn bu sözlərə yer verir:

“Azadlığın olduqca böyük bir hissəsi sorğu-sual azadlığıdır. Lakin təəssüflə deməliyəm ki, hal-hazırda elmdəki sorğu-sual azadlığı sıxışdırılır. Elə insanlar var ki, onlar elmi kiçik bir qutunun içində saxlamaq istəyirlər”.

Həqiqətən də, öz nəzəriyyələrinə dərin bir ön mühakimə ilə yanaşan materialistlər “Ağıllı dizayn” kimi innovativ və həyatın mənşəyinə daha düzgün və elmi açıqlama gətirən bir nəzəriyyəni heç cür qəbul edə bilmirlər. Bu da təkamülün, əslində, elmi yox, ideoloji nəzəriyyə olduğunu çox açıq şəkildə ortaya qoyur.

Rafət Əlizadə

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.