www.derinbilgiler.net » Məqalələr » Elmi » Düşünməyin gətirdiyi aydınlıq

 
 
 


Düşünməyin gətirdiyi aydınlıq

Müəllif: Terish Tarix 30-12-2014, 11:45, Baxılıb: 438

0
Düşünməyin gətirdiyi aydınlıq

Çoxumuzun gündəlik, aylıq, illik və onilliklər ərzindəki həyat sxemi evdən işə, işdən evə və yenə evdən işə, işdən evədir. Dünyaya gəlirik və bundan sonra standart olaraq bunları yaşayırıq: uşaqlıq illəri, gənclik illəri, universitet dövrü və nəhayət iş həyatı və son. Həyatımız bundan ibarətdir. Standart dövrlər, standart proseslər və standart son. Amma kainata baxanda, dünyanın heyranediciliyi haqqında düşünəndə bizə öyrədilən həyat standartlarının doğruluğuna çox da əmin olmadığımı görürəm. Yəni həyat tərzi müəyyən anlayışların üzərində qurulur. Həyatımız dünya və həyatla bağlı bildiklərimizlə və bunlara verdiyimiz izahlarla bağlıdır. Həyatı necə şərh ediriksə, həyat tərzimiz də o cür olur. Yaxşı, bəs sizcə bu klassik həyat tərzimiz varlığımızın sərhədini gözə alsaq, bizi qane edirmi?

Məncə etmir. Çünki indi yaşadığımız həyat tərzimiz məhdudlaşdırılmış, standartlara salınmış formadadır. Buna qarşı çıxanda cəmiyyətə və hər kəsə, bir sözlə, sistemə qarşı çıxmış olursan. Yəni demək istədiyim odur ki, bu dünya, kainat, bir sözlə, hər şey sizə görə də bu qədər sadədirmi? Yəni biz işə gedib-gələk, yatıb-duraq və hər gün yenə eyni şeyləri edək, bu qədərmi? Bununla nəyə nail olmuş oluruq? Məncə heç nəyə; sadəcə yaşamış oluruq. Yəni sadəcə yaşayırıq. Lakin bir az dərin düşünsək, məncə bu dünya sadəcə yaşamaq üçün deyil. Burada bir mexanizmin, nizamın və dizaynın olduğu çox aydındır. Yəni dünya sadəcə hər hansı bir yer deyil. Dünya çox özəl, xüsusi bir yerdir. Bunu digər planetlərə nəzər yetirməklə görmək olar.

Dünyada insanın yaşamağı üçün hər cür şərait yaradılıb. Bütün ekosistem insan üçün hesablanıb. Bütün canlıların yaşaması və ekosistemdəki rolu nəticə etibarı ilə insanın yaşamağına xidmət edir. Yaxşı, bəs niyə? Niyə bütün şərtlər möcüzəvi şəkildə bizim yaşamağımız üçün nizamlanıb? Bizim yaşamağımızın əhəmiyyəti nədir? Nə üçün kainatdakı bu qədər həssas nizam, planetlər, nəhəng göy cisimləri, canlıların qidalanma mexanizmi, bir sözlə, hər şey bizim üçün hesablanıb? Deməli, biz bir məqsəd üçün burdayıq. Sadəcə yaşamaq bir şey ifadə etmir. Bir şey üçün, bir məqsəd üçün göndərilmişik.

Bu məqsədi tapmaq üçün düşünən insan olmaq lazımdır. Ya düşünən insan olmalıyıq, ya da robot. Robot olmaqdan qurtulmağın yolu düşünməkdir. Ətrafımızdakı aləm haqqında, varlıqlar haqqında, canlılar haqqında, ümumiyyətlə, hər şey haqqında davamlı və dərin təfəkkür çox önəmlidir. Var olmağımızı təmin edən şərtlərin quruluşunun, nizamının, ahənginin mürəkkəbliyi və möhtəşəmliyi heyranedici dərəcədə möhtəşəmdir. Milyonlarla heyranedici dizayn nümunələrindən sadəcə birini misal çəkim. Əksər bitkilərin toxumu ölçü baxımdan təxminən eyni olur. 1 mm və buna yaxın. Lakin eyni görünüşlü və eyni ölçülü toxumdan 1 metrlik və 30 metrlik bitkilər yetişir. Baxın, bu, bizə çox adi görünə bilər. Çünki düşünməməkdən dolayı fövqəladə vəziyyətlər bizə adi bir şey kimi görünür. Halbuki, 1 mm-lik toxumun içindən hündürlüyü 30-40 metr, diametri 5-10 metr olan nəhəng ağaclar yetişir. Yaxud eyni cür 5 fərqli toxumdan 5 fərqli növdə və tipdə ağac yetişir. Bu ağacların birindən alma, digərindən isə şaftalı adlı fərqli dadda, fərqli rəngdə və fərqli vitaminləri olan meyvələr yetişir. Qara torpaqdan dadlı, şirin, rəngli meyvə bitir. Ağaclardakı sistemlər də eynidir. Bir ərazidə eyni torpaqdan, eyni sudan qidalanmaqla həm almanın, həm də şaftalının bitməsi nəyə bağlıdır? Yəni ağac necə hesablayır ki, şaftalı yetişdirəcəksə, torpaqdan hansı vitaminləri sormalıdır, yaxud portağal yetişdirəcəksə, hansıları? Ağac almanın, portağalın, yaxud şaftalının ehtiyacı olduğu maddələrin fərqini necə hesablayır? Ağacın ağlı varmı? Təbii ki yoxdur. Olsa belə, bu işə ağıl bəs etmir. Çox ciddi elmi bilik lazımdır. Ağacların yüksək ixtisaslı və ağıllı professorlar olduğunu kim iddia edə bilər? Təbii ki, heç kim. Bəs onda ağacın nümayiş etdirdiyi bu şüurun qaynağı nədir? Ağacın gördüyü iş açıq-aşkar elm və ağıl tələb edir. Bəs bu ağılın qaynağı nədir? Ağacın özü olmadığına görə, deməli, üstün və uca bir Varlığın ağlı ağacda təcəlli edir.

Baxın, demək istədiyim də budur. Düşünən insanın digər insanlardan fərqi hər gün yolda yeriyərkən qarşısına çıxan yüzlərlə bitkiyə olan baxış fərqidir. Düşünən insan baxıb-gördüyü hər şey üzərində dərin düşünür və hər şeyin qaynağını axtarır. Yuxarıda çəkdiyim misal hər gün üzərində düşünə biləcəyimiz trilyonlarla mövzudan sadəcə birinin çox cüzi hissəsinin qısaldılmış formasıdır. Lakin bu qədər qısa təfəkkür belə, insanı özünün kimliyi və varlığının qaynağı haqqında bilgilər əldə etməyə kömək edə bilir. Hər gün təfəkkür etsək və dünyaya səthi deyil, dərin düşünərək baxsaq, həyat barədə sualımız qalmaz. Ən əsası, kim olduğumuzu, buranın hara olduğu və burdakı vəzifəmizin nə olduğunu öyrənmiş olarıq.

Son olaraq bunu qeyd edim ki, niyə yaşadığını bilən insanlar vardır və bir də niyə yaşadığından xəbərsiz olaraq cəmiyyətin qoyduğu standartların əsiri kimi yaşayan insanlar vardır? Bu iki təbəqənin fərqi birincisinin aydınlanmış olmasıdır. Niyə yaşadığının fərqində olan insan yaradılış sirrinə vaqif olaraq aydınlanmış olur. Aydınlıq düşünməyin gətirdiyi nemətdir. Aydınlanmaq üçün, özümüzü və dünyanı kəşf etmək üçün özümüzə, digər canlılara və ümumiyyətlə, dünyaya biganə qalmamalı hər şey üzərində dərin təfəkkürlə düşünməliyik.

Savalan Məmmədli

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş