www.derinbilgiler.net » Məqalələr » İŞİD- gücünü xürafələrdən alır

 
 
 


İŞİD- gücünü xürafələrdən alır

Müəllif: Terish Tarix 30-12-2014, 11:50, Baxılıb: 422

0
İŞİD- gücünü xürafələrdən alır

Son günlər dünya gündəliyini yenidən İslam adına ortaya çıxan radikal qruplarla mübarizə müzakirələri zəbt etdi. İraq və Suriyada İslam adına ortaya çıxan və öz inancından olan insanlara da amansız divan tutan radikal qrupların yayılan tükürpərdici videoları demək olar ki, dünyanı lərzəyə gətirdi. Onsuz da qan və göz yaşı içində olan İslam aləmi daha bir təhdidlə üz-üzə qaldı. Lakin yaşananlar bu təhdidin sadəcə İslam aləmini deyil, bütün dünyanı əhatə edəcək şəkildə böyük bir təhlükə olduğunu üzə çıxardı. Dünya mediası bu amansızlığı gündəlikdə tutarkən, təhlükəni özünə yaxın görən ölkələr isə ciddi tədbirlər almağa başladı.

Lakin radikal qruplara qarşı hansı tədbirlərin alınacağı haqqında gedən müzakirələrdən görünür ki, bu mübarizədə yenə də yalnız şiddət və güc vasitələrindən istifadə ediləcək. Ancaq əvvəlki praktikalar bizə radikal qruplara qarşı yalnız gücdən istifadə edilərək aparılan mübarizənin istənilən nəticəni verməyəcəyini göstərdi. Aparılan genişmiqyaslı antiterror əməliyyatları radikal qrupları tamamilə zərərsizləşdirə bilməməklə yanaşı, minlərlə günahsız insanın ölümünə, on minlərlə insanın isə yaşadığı bölgələri tərk edərək çətin və ağır şərtlər altında yaşamağına səbəb oldu. Son günlərdə yaşananlar isə gücdən istifadə edilərək aparılan mübarizənin radikal qrupları tamamilə yox etmədiyini, əksinə, əvvəlkilərdən daha təhlükəli və geniş miqyaslı radikal qrupların ortaya çıxması ilə nəticələndiyini göstərdi. Maarifləndirmə işi aparılmadan sadəcə gücdən istifadə edilməsi zamanla qarşı tərəfin gücünün azalmasına deyil, artmasına səbəb olur.

İslam adına ortaya çıxan radikal qruplarla ən gözəl mübarizə üsulu onların İslam adına qaynaq göstərdiyi yanlış məlumatların, əslində, İslamla heç bir əlaqəsinin olmadığını geniş şəkildə təbliğ etməkdir. Çünki törədilən vəhşilik və cinayətlər İslam adına uydurulmuş qaynaqlar əsas göstərilərək həyata keçirilir. Şiddət və terrora dəlil kimi göstərilən məlumatların doğru olmadığı təbliğ edilmədiyindən, bəzi müsəlmanlar şiddət və radikalizmin dinin hökmlərindən qaynaqlandığını zənn edir və bu qrupları dəstəkləməyə başlayır. Eyni zamanda, bu yanlış məlumatlandırma xüsusi ilə Amerika və Avropada yaşayan insanların İslamı düşmən görməsinə və İslamofobiyaya səbəb olur.

Bu gün bir çox mötəbər dini qaynaq sayılan əsərlərdə şiddəti, öldürməyi təşviq edən məlumatlar vardır. Bu məlumatların İslam adına insanlara öyrədilməsi din adına şiddətin yaşanmasının əsas təməlidir. Bütün bunların yaşanmamağı üçün ilk öncə müsəlmanlar radikalizm və şiddətə təşviq edən məlumatların dinlə heç bir əlaqəsinin olmaması və bu məlumatların yanlış olması ilə bağlı maarifləndirilməlidir. Çünki şiddətə təşviq edən yanlış məlumatlar dini qaynaqlardan ayırd edilmədikcə radikalizm tərəfdarlarının müsəlmanların içərisindən tərəfdar toplaması çətin olmayacaq. Radikal qruplar, əsasən, yanlış dini məlumatlarla dolu mənbələri müsəlmanlara qaynaq göstərib əsaslı təbliğat işləri aparır və bu yolla tərəfdar toplayırlar. Saylarının az olmasına baxmayaraq, on minlərlə insanı dini qaynaqlardakı yanlış məlumatları əsas gətirib təsirləri altına sala bilirlər. Məsələnin birdəfəlik və köklü şəkildə həll olması üçün bu yanlış məlumatlar hər nə qədər mötəbər qaynaqlarda olmuş olsa da, Qurani-kərimə zidd olduqları üçün İslami mənbə olmaqdan çıxarılmalıdır.

Quran sevgi və sülh prinsiplərini insanlara ən gözəl şəkildə tövsiyə edən İlahi kitabdır. Din insanların könüllü şəkildə yaşadığı İlahi qanunlar toplusudur. Quranda dini ibadətləri yerinə yetirmək üçün məcbur etmə və ya cəza sistemi yoxdur. Dinimizin təməl qaynağı olan Qurani-kərimdə dini ibadətləri yerinə yetirməməyə və ya başqa bir dinə mənsubluğa görə heç bir cəza sistemi yoxdur. İslama görə, insanlar istədiyi dinə inanmaqda azaddırlar. Allah bir ayədə: “Dində məcburiyyət yoxdur...” (Bəqərə Surəsi, 256),-buyurmaqla dinin digər insanlara təzyiq edilməklə yaşanmasını qadağan etmişdir. Bu ayə, eyni zamanda, İslamın dünyəvi dövlət prinsipləri ilə ziddiyyət təşkil etmədiyini açıq şəkildə göstərir. Dünyəvi dövlət quruluşu insanların inancını sərbəst şəkildə yaşayıb, digər insanları buna məcbur etməməsinin qarantiyasıdır.

Bir an belə vaxt itirmədən bütün kütləvi informasiya vasitələrindən istifadə edib İslamın sülhü, sevgini, mərhəməti, keyfiyyəti, estetikanı təşviq etdiyini və həmçinin şiddəti, mərhəmətsizliyi, kin və nifrəti qadağan etdiyini təbliğ etməyə başlamaq lazımdır.

Ramiq Vəliyev

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş